Sahibkardan 190 min lari və mikroavtobus hədə-qorxu ilə tələb edilib – 1 nəfər saxlanılıb, 3 nəfərə ittiham irəli sürülüb
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları külli miqdarda əmlak əldə etmək məqsədilə qrup halında törədilmiş hədə-qorxu ilə tələb etmə və narkotik vasitənin qanunsuz əldə edilməsi-saxlanılması ittihamları ilə bir nəfəri saxlayıb, üç nəfərə isə ittiham irəli sürülüb. Onlardan birinin xaricdə gizlənən kriminal avtoritet olduğu bildirilir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Hüquq-mühafizə əməkdaşları tərəfindən cinayət işi üzrə həyata keçirilən gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi gəlir əldə etmək məqsədilə Keda bələdiyyəsinin kəndlərindən birində yaşayan və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan kişidən mütəmadi olaraq müxtəlif məbləğlərdə pul tələb ediblər. Tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə isə onu sahibkarlıq fəaliyyətini məcburi dayandırmaq və ona məxsus əmlakı məhv etməklə hədələyiblər.
Gizli istintaq tədbirləri nəticəsində əldə edilmiş sübutlarla həmçinin təsdiqlənir ki, təqsirləndirilən şəxslər zərərçəkənə psixoloji təzyiq göstərib, onu şifahi təhqir edib və fiziki zorakılıqla hədələyiblər.
Cinayətkar qrupun üzvləri hədə-qorxu və qorxutma yolu ilə sahibkardan müxtəlif vaxtlarda 190 min lariyə yaxın pul və bir mikroavtobus tələb edərək ələ keçiriblər.
Hüquq-mühafizə əməkdaşlarının kompleks şəkildə həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində bir nəfər məhkəmə qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlanılıb, üç nəfərə isə ittiham irəli sürülüb. Onlardan biri əvvəllər törətdiyi ağır kateqoriyalı cinayətlərə görə axtarışda olub.
Polis tərəfindən aparılan axtarışlar zamanı hədə-qorxu ilə tələb etmə yolu ilə qanunsuz əldə edilmiş mikroavtobus və “metadon” narkotik vasitəsi maddi sübut kimi götürülüb. Həmçinin gizlənən kriminal avtoritetin ailə üzvlərinin mülkiyyətində olan və cinayət yolu ilə əldə edilmiş pulla alınan iki avtomobil də aşkarlanaraq götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 181-ci və 260-cı maddələri ilə aparılır. Həmin maddələr 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə məlumatda bildirilib.


