Türkiyə MN: “Ermənistan terrorçuları və muzdluları geri qaytarmalıdır”
Türkiyə Milli Müdafiə Nazirliyi Qarabağdakı son vəziyyətlə bağlı açıqlama verib.
InterPress.ge bu barədə “Haber Global” a istinadla xəbər yayıb.
Bildirilib ki, Ermənistan terrorçuları və muzdluları geri qaytarmalı, hücumlarına və Azərbaycan ərazilərindəki haqsız işğallarına son qoymalıdır:
“Azərbaycandakı hadisələrlə əlaqədar olaraq; məlum olduğu kimi Ermənistan 27 sentyabr 2020-ci il tarixində başlatdığı qeyri-insani hücumlara və 10, 18 oktyabr tarixlərində elan edilmiş atəşkəslərə baxmayaraq, beynəlxalq hüquqa zidd olaraq mülki şəxsləri və yaşayış məntəqələrini birbaşa hədəf almağa davam edir.
Bölgədə sülh və sabitliyin bərqərar olması üçün Ermənistan terrorçuları və muzdluları geri qaytarmalı, hücumlarını və Azərbaycan ərazilərindəki haqsız işğalı dayandırmalıdır. Əvvəllər olduğu kimi, bundan sonra da, haqlı mübarizələrində azərbaycanlı qardaşlarımızın yanında olmağa və onlara dəstək verməyə davam edəcəyik.
Doğma torpaqlarını Ermənistanın işğalından qurtararkən şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik”, - deyə məlumatda qeyd olunub.