
Tbilisidə qanunsuz olaraq tikilən evlərin sökülməsinə başlanılıb
Tbilisi Bələdiyyə Müfəttişliyinin nümayəndələri Tbilisinin Afrika qəsəbəsində, Korneli Sanadze küçəsində bir neçə evin sökülməsinə başlayıb.
InterPress.ge-nin məlumatına görə, sökülmənin səbəbi dövlətə məxsus ərazidəki qanunsuz tikililərdir.
Evləri sökülən insanlar leqallaşdırılması üçün Bələdiyyə meriyasına müraciət etdiklərini, ancaq müfəttişliyin müzakirə bitmədən və heç bir xəbərdarlıq etmədən sökülmə prosesinə başladığını deyiblər.
Hadisə yerində vəziyyət bir neçə dəfə gərginləşib. Yaxınlıqdakı evlərin sakinləri hüquq-mühafizəçiləri ilə qarşı-qarşıya gəliblər. Onlar evlərin sökülməsinə etiraz etdilər.
Onların sözlərinə görə, sosial cəhətdən həssas insanların çoxu bu ərazidə yaşayır və evləri icazəsiz tikilib. Bəzi hallarda isə Bələdiyyə İcra Hakimiyyəti bunların leqallaşdırılmasına qərar verib.