Xarici İşlər Nazirliyi Gürcüstan vətəndaşlarının Ukraynadan təxliyəsi ilə bağlı bəyanat yayır
Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə martın 13-də 40-a yaxın Gürcüstan vətəndaşı quru yolu ilə Gürcüstana qayıdıb.
lnterPress.ge xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu gün əlavə 50 Gürcüstan vətəndaşı Rumıniyandan vətənə qayıdacaq və həmçinin bu həftə vətəndaşların Polşadan mütəşəkkil şəkildə gətirilməsi də planlaşdırılır, ümumilikdə dövlətin köməyi ilə 150 Gürcüstan vətəndaşı öz vətənlərinə qayıdacaq.
Həmçinin, vətəndaşların Ukrayna ərazisindən qonşu dövlətlərə, xüsusən Lvovdan Varşavaya mütəşəkkil şəkildə təxliyəsi davam edir. Martın 15 və 16-da əlavə avtobus reysləri həyata keçiriləcək. Bu vaxta qədər ümumilikdə 500-dək Gürcüstan vətəndaşı Lvovdan Varşavaya təxliyə edilib.
''Odessadan vətəndaşların mütəşəkkil şəkildə təxliyyəsi Gürcüstanın Baş Konsulluğu tərəfindən həyata keçirilir. Ukraynadan təxliyə edilən Gürcüstan vətəndaşları Gürcüstanın Ukrayna ilə sərhədyanı ölkələrdəki səfirlikləri tərəfindən ilkin tələbat malları ilə təmin olunur, bundan sonra isə onlar Gürcüstana yola düşəcəklər. Gürcüstan hökumətinin tapşırıqı ilə Gürcüstanın Ukraynadakı səfirliyi, Odessadakı baş konsulluğu və Lvovdakı konsulluğu fövqəladə rejimdə işləməyə davam edir və Gürcüstan vətəndaşlarına yardım göstərir”, - deyə məlumatda bildirilir.
Bildirilir ki, Gürcüstanın diplomatik nümayəndəlikləri Ukraynanın sərhədyanı ölkələrində - Rumıniya, Polşa, Moldova, Slovakiya və Macarıstanda fövqəladə rejimdə işləyir.
''Hazırda 1600-ə yaxın vətəndaş dövlətin yardımı ilə müxtəlif ölkələr vasitəsilə Ukraynadan Gürcüstana qayıdıb", - deyə nazirlik bildirib.


