Şarl Mişel: "Biz Rusiya prezidenti Vladimir Putinin məğlubiyyətini təmin etməliyik"
"Biz Rusiya prezidenti Vladimir Putinin məğlubiyyətini təmin etməliyik - bu, ümumi məqsəd olmalıdır".
InterPress.ge xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel CNN telekanalına müsahibəsində deyib.
Şatl Mişelin fikrincə, bu, həm Avropanın gələcəyi, həm də dünyanın gələcəyi üçün təhlükəsizlik məsələsidir.
Bundan əlavə, Şarl Mişel qeyd edib ki, o, Ukrayna prezidenti Vladimir Zelenskini martın 24-25-nə planlaşdırılan Avropa Şurasında çıxış etməyə dəvət edib.
Avropa Şurasının prezidenti həmçinin bildirib ki, o, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra həm Ukrayna, həm də Rusiya prezidentləri ilə dəfələrlə danışıb, atəşkəs razılaşmasının əldə olunmasında və danışıqlar prosesində onlara köməklik göstərib.
“Bu, çox çətin prosesdir, çünki biz Rusiyanın səmimi olduğuna əmin deyilik, biz sadəlövh deyilik – düşünürük ki, onlar danışıqlarda öz mövqelərini gücləndirmək üçün Ukraynanın hərbi gücünü zəiflətməyə çalışırlar. Beləliklə, biz prezident Zelenskiyə Rusiya ilə birbaşa danışıqlarda daha yaxşı mövqe vermək üçün güc balansını dəyişməliyik”.
Şarl Mişel sanksiyalar məsələsinə də toxunaraq, Aİ-nın bununla bağlı ehtiyatlı davranmalı olduğunu qeyd edib.
“Biz ABŞ, Kanada və Böyük Britaniya ilə birlikdə görünməmiş sanksiyalar tətbiq etmək qərarına gəldik. Bizim sanksiyalar həm oliqarxları, həm də Rusiyanın iqtisadi sektorunu hədəf alır. Amma bizim ölkədə vəziyyət ABŞ-dakı vəziyyətdən fərqlidir, hətta qaz və neft sahəsində biz ABŞ-dan daha çox Avropada Rusiyadan asılıyıq. Ona görə də ehtiyatlı davranmalıyıq - hədəfimiz Rusiyadır, məqsəd odur ki, sanksiyalar bizim üçün yox, Rusiya üçün ağrılı olsun. Ukraynaya kömək etmək və Rusiyaya qarşı ağrılı addımlar ata bilmək üçün iqtisadi gücümüzü Aİ səviyyəsində saxlamaq bizim üçün vacibdir”.


