31 
Mar
2022
11:59
351

31 Mart – Azərbaycan xalqı tarixinin faciəvi səhifəsi: Soyqırımı salnaməsi və ondan götürülməli dərslər

Azərbaycanın Gürcüstandakı səfirliyi 31 mart soyqırımı ilə bağlı bəyanat yayır.

InterPress.ge səfirliyin bəyanatını olduğu kimi təqdim edir:

"Gürcü xalqı ilə yanaşı, onunla mehriban qonşuluq və qarşılıqlı hörmət şəraitində əsrlər boyu yaşayan Azərbaycan xalqı da Cənubi Qafqazın taleyinə yazılmış həm xoş və şərəfli, həm də acı və kədərli yollardan keçmişdir. Məlumdur ki, XIX əsrin əvvəllərində Kartli-Kaxeti çarlığının ardınca bir sıra Azərbaycan xanlıqlarının da Rusiya imperiyası tərəfindən zəbt edilməsi bölgəmizi müstəmləkəçilik dövrünə salmışdır. İmperiyanın irəli sürdüyü “parçala və hökm sür” siyasəti sayəsində ərazilərin etnik tərkibi süni şəkildə dəyişdirilmiş, bu da artıq XX əsrin əvvəlləri üçün bölgədə tam yeni mənzərənin yaranmasına səbəb olmuşdur. Təəssüflər olsun, Cənubi Qafqazda fəaliyyət göstərən erməni milli-siyasi təşkilatları imperiya mərkəzinin məharətlə istifadə etdiyi “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanmağa başlamış və onun alətinə çevrilmişdir. Bu məkrli siyasətin ilk qanlı fəsadları hələ 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar zamanı ilk dəfə özünü büruzə vermişdir.

Lakin Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən sonra həmin siyasət daha da şiddətlənərək, yeni formatda – bolşevik bayrağı altında reallaşdırmağa başlamışdır. 1917-ci ilin dekabr ayında Vladimir Lenin tərəfindən Qafqaz məsələləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan və onun ətrafında qruplaşan bolşevik-daşnak dəstələri Bakıda siyasi təşəbbüsü, ardınca isə hakimiyyəti öz əllərinə keçirə bilmişdirlər. 1918-ci il martın 15-də Bakı Soveti qarşısında çıxış edən S.Şaumyan bütün bölgədə kütləvi qırğınlar törədilməsi məqsədini açıq-aşkar bəyan etmişdir: “Bizim siyasətimiz vətəndaş müharibəsidir. Kim bu siyasətin əleyhinə gedir, həmin adamlar düşmənimizdir”.

Beləliklə, 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçılarla mübarizə şüarı altında Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı işə salınmışdır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Bakı qırğını ilə bağlı S.Şaumyan çəkinmədən etiraf edirdi: “Həm yerli Sovetin, həm də buraya gəlmiş Qafqaz ordusunun qüvvələrini hərbi-inqilab komitənin səylərini birləşdirərək 6000 nəfər yaхşı silahlı qüvvə təşkil edə bildik. «Daşnaksütyun»un da 3-4 min nəfərlik milli hissələri var idi, onlar da bizim iхtiyarımızda idi. Milli hissələrin iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın хarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verirdik. Müsəlman yoхsulları böyük zərər görmüşlər”.

Müasir beynəlxalq hüquqda soyqırımı kimi səciyyələndirilən bu siyasətin əsas məqsədi Azərbaycan və gürcü xalqlarının milli istiqlal əzmini qırmaq idi. Bəli, gürcü xalqının da. Çünki Bakı və Şamaxı qətliamlarından sonra özünə artıq Qafqazın yeni “qırmızı canişini” donunu uyğunlaşdıran S.Şaumyan rəhbərlik etdiyi bolşevik-daşnak qoşunlarının Tiflisə, Canişinin Sarayına doğru yürüşünü bəyan etmişdir. Və yalnız mübarizəyə qalxan xalqımızın köməyinə gəlmiş türk zabitləri və əsgərlərindən ibarət məhdud saylı hərbi birləşmələrin, yenicə təşkil edilmiş Azərbaycan milli birləşmələri ilə çiyin-çiyinə qəhrəmancasına apardığı döyüşlər sayəsində 1918-ci ilin iyun ayının son günlərində Göyçay-Qaraməryəm qələbəsindən sonra bolşevik-daşnak qoşunları darmadağın edilmiş və beləliklə, Tiflis üzərindən təhlükə götürülmüşdür. 15 sentyabr 1918-ci il tarixində isə Bakı şəhəri işğaldan azad olunaraq Azərbaycan nəzarətinə qaytarılmışdır.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin bu ilk uğurları, eləcə də o zaman yenicə müstəqilliyi bərpa etmiş Gürcüstan üçün ilk istila təhdidinin dəf edilməsi on minlərlə günahsız mülki azərbaycanlılarının qanı bahasında qazanılmışdır. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra onun atdığı ilk addımlar sırasında 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət prioritetlərdən birini təşkil etmişdir. İyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə, Nazirlər Şurası Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. Komissiya mart soyqırımını, eləcə də ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri və İrəvan quberniyası ərazisində törədilən ağır cinayətləri araşdırmağa müvəffəq olmuşdur. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra həmin proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb.

Yalnız 80 il sonra – 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər üzə çıxmışdır. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb. Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub.

Həmin mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, - onların da mənfur adları orada göstərilir, - Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik”.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın qan yaddaşına yazılmışdır. Bu tarix bizi müstəqilliyimizin, dövlətçiliyimizin tarix boyu nəyin bahasına qazandığımız və qoruduğumuz barədə düşünməyə vadar edir. Bu əbədi tarixi yaddaş qaldıqca, Azərbaycanın müstəqilliyi də əbədi qalacaq, müstəqilliyimiz möhkəmləndikcə isə, həmin yaddaş da heç vaxt silinməyəcəkdir".

Bizimlə əlaqə saxlayın