Polis Tbilisidə bir-birinə xəsarət yetirən iki nəfəri saxladı
Polis Diğumidə yaralanan iki nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Tbilisi Polis Departamentinin Didube-Çuğureti Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü Q.O. və 1986-cı il təvəllüdlü C.M.-yi Tbilisidə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə saxlayıblar.
İstintaqla müəyyən edilib ki, cari il iyunun 11-də Tbilisi şəhərinin Diğumi massivində təqsirləndirilən şəxslər mübahisə zəminində soyuq silahla bir-birlərinə xəsarət yetiriblər. Hər iki yaralı müvafiq tibb müəssisəsinə çatdırılıb.
Polis cinayətin silahını - iki bıçağı sübut kimi götürüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma (117-ci maddənin 1-ci hissəsi) maddəsi ilə araşdırma aparılır.
Bu cinayətə görə 3 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulur.


