Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstana səfər edəcək
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 29-30-da işgüzar səfərlə Gürcüstanda olacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Administrasiyası məlumat yayıb.
Səfər çərçivəsində Gürcüstan və Azərbaycanın baş nazirlərinin həmsədrliyi ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçiriləcək.
Bundan əlavə, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə azərbaycanlı həmkarı Əli Əsədov arasında təkbətək görüşün keçirilməsi planlaşdırılır.
Məlumata görə, Əli Əsədov Gürcüstana nümayəndə heyəti ilə birlikdə səfər edəcək. Nümayəndə heyətinin tərkibində Azərbaycanın iqtisadiyyat, energetika, rəqəmsal inkişaf və nəqliyyat, eləcə də elm və təhsil nazirləri yer alacaq.


