29 
Okt
2026
12:55
141

Sosial şəbəkələrdə saxta qadın profilləri yaradaraq kişiləri qarət edən və onlardan pul tələb edən 7 nəfər saxlanılıb

Gürcüstanda qrup halında zorakılığın təşkili, quldurluq və hədə-qorxu ilə pul tələb etmə ittihamları ilə zorakı qrupun 7 üzvü saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Mərkəzi Kriminal Polis Departamentinin direktoru Davit Kiknadzenin sözlərinə görə, təqsirləndirilən şəxslər müxtəlif sosial şəbəkələrdə qadın adından saxta profillər yaradır, kişilərlə əlaqə saxlayaraq tanışlıq məqsədilə görüş təyin edir, görüş yerinə gələn şəxslərə isə qrup halında hücum edərək onları döyürdülər.

Davit Kiknadzenin açıqlamasına görə, Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Baş Prokurorluqla birgə həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 7 nəfəri saxlayıblar.

İstintaq zamanı əldə edilən sübutlarla müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən biri mütəşəkkil cinayətkar qrup yaradıb. Qrup üzvləri ilə birlikdə əvvəlcədən vətəndaşlara hücum etmək, onları fiziki zorakılığa məruz qoymaq və qanunsuz yolla maddi gəlir əldə etmək planı hazırlayıb.

Qrup üzvləri sosial şəbəkələrdə qadın adından saxta profillər yaradaraq kişilərlə əlaqə saxlayır və tanışlıq bəhanəsi ilə əvvəlcədən müəyyən edilmiş yerlərdə görüş təyin edirdilər. Görüşə gələn şəxslərə qrup halında hücum edilir, onlar xüsusi amansızlıqla döyülür və alçaldılır, soyuq silah və iti əşyalar nümayiş etdirilməklə şifahi və fiziki təhqirlərə məruz qoyulurdular. Bundan başqa, zərərçəkənlərin pulları və şəxsi əşyaları qanunsuz olaraq ələ keçirilirdi.

Cinayətkar qrupun üzvləri zərərçəkənlərin döyülməsi və alçaldılması prosesini mobil telefonlarla çəkir, daha sonra videoları sosial şəbəkələrdə yayımlayırdılar. Bununla yanaşı, həmin şəxslərə psixoloji təzyiq göstərərək onlardan pul tələb etməyi davam etdirirdilər.

Hüquq-mühafizə orqanlarının keçirdiyi axtarışlar zamanı sübut kimi soyuq silahlar, maskalar, taktiki avadanlıqlar, mobil telefonlar və kompüter texnikası götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 178-ci, 181-ci və 225-ci maddələri ilə istintaq aparılır. Həmin maddələr 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Davit Kiknadzenin bildirdiyinə görə, cinayətdə iştirak etmiş digər şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması məqsədilə istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər