Polşa Seymi Mixeil Saakaşvili ilə bağlı qətnamə qəbul edib
Polşa Respublikasının Seymi Gürcüstan hakimiyyətinə müraciət edərək, Mixail Saakaşviliyə qlobal standartlara cavab verən lazımi rəftarın göstərilməsini xahiş edir.
InterPress.ge xəbər verir ki, bu barədə Polşa parlamentinin aşağı palatasının (Seym) Mixail Saakaşvili ilə bağlı qətnaməsində deyilir.
“Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin dramatik vəziyyəti, o cümlədən onun səhhətinin sürətlə pisləşdiyini təsdiqləyən tibbi diaqnozlar barədə narahatedici məlumatlara görə, Polşa Respublikasının Seymi Gürcüstan hakimiyyətinə humanitarlığın universal prinsiplərini qorumaq üçün müraciət edir”, - deyə qərarın mətnində qeyd olunur.
Polşalı deputatlar “Mixeil Saakaşviliyə dərhal qlobal standartlara uyğun olaraq lazımi ixtisaslaşdırılmış müalicənin göstərilməsini” tələb edirlər.
Qətnamədə Mixail Saakaşvilinin müalicə və reabilitasiyadan sonra məhkəmə işlərinə sonrakı baxılması üçün ölkəyə qayıtmağa hazır olduğu barədə bəyanatları qeyd olunur.
Seym qeyd edir ki, beynəlxalq ictimaiyyətə həmrəylik və Mixail Saakaşvilinin həyat və sağlamlığının xilas edilməsi üçün israrlı addımlar atmaq üçün müraciət edərkən onun “gürcülərdə avropapərəst münasibətin formalaşmasına mühüm töhfəsini nəzərə alıb, çünki Gürcüstan hökuməti 2022-ci ildə Aİ-yə üzvlük üçün müraciət edib”,-məlumatda qeyd edilir.


