Gürcüstanda hansı məhsulların qiymətləri ucuzlaşıb?
Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, ötən ayla müqayisədə süd, pendir, yumurta, çörək və çörək məhsullarının, ət və ət məhsullarının, tərəvəz və bağçaçılıq məhsullarının, duru yağın və kərə yağının qiymətləri ucuzlaşıb.
InterPress.ge xəbər verir ki, bu, “Sakstat”ın yaydığı məlumatda qeyd olunub.
Məlumata görə, əvvəlki ayla müqayisədə balığın, eləcə də nəqliyyat xidmətlərinin, suyun, işığın və qazın qiymətləri bahalaşıb.
“Aylıq inflyasiya indeksinin formalaşmasına əsasən aşağıdakı qruplar üzrə qiymət dəyişiklikləri təsir edib: ərzaq və alkoqolsuz içkilər qrupunda qiymətlər 3,2 faiz azalıb ki, bu da aylıq inflyasiyada -1,08 faiz bəndlə əks olunub. Aşağıdakı alt qruplar üzrə qiymətlər ucuzlaşıb: tərəvəz və bağçaçılıq məhsulları (-19,1 faiz), duru yağ və kərə yağı (-4,9 faiz), çörək və çörək məhsulları (-2,7 faiz), süd, pendir və yumurta (-1,6 faiz), ət və ət məhsulları (-0,6 faiz). Bundan əlavə, balığın qiymətləri artıb (3,3 faiz); Nəqliyyat qrupunda qiymətlər 1,5 faiz artıb ki, bu da ümumi indeksdə 0,17 faiz bəndlə əks olunub. Fərdi nəqliyyat vasitələrinin istismarı (2,0 faiz) və nəqliyyat xidmətlərinin (0,8 faiz) qiymətləri bahalaşıb; Mənzil, su, işıq, qaz qrupunda 0,8 faiz bahalaşma qeydə alınıb ki, bu da ay ərzində inflyasiyada 0,08 faiz bəndlə əksini tapıb”, - deyə bildirilib.
İllik inflyasiyanın formalaşmasına gəlincə, buna əsasən bir neçə qrup üzrə qiymət dəyişiklikləri təsir göstərib.
“Müxtəlif mallar və xidmətlər - bu qrup üzrə qiymətlər 17,7 faiz artıb ki, bu da illik indeksdə 0,89 faiz bəndi ilə əks olunub. Qiymətlər əsasən alt qruplar üzrə artıb: maliyyə xidmətləri (27,9 faiz), şəxsi gigiyena (10,7 faiz), digər xidmətlər (91,0 faiz); Spirtli içkilər, tütün qrupunda qiymətlər yüzdə 7,4 artaraq ümumi indeksdə 0,5 faiz bəndlə əks olunub. Qiymətlər həm spirtli içkilər (9,1 faiz), həm də tütün məmulatları (5,3 faiz) üzrə artıb; Nəqliyyat qrupunda qiymətlər 11,6 faiz azalıb ki, bu da ümumi indeksdə -1,45 faiz bəndlə əks olunub. Fərdi nəqliyyat vasitələrinin istismarı üzrə (-18,4 faiz) və nəqliyyat vasitələrinin alışında (-2,0 faiz) qiymətlər ucuzlaşıb. Eyni zamanda, nəqliyyat xidmətlərinin qiymətləri artıb (5,9 faiz); Səhiyyə qrupunda qiymətlərin 6,9 faiz azalması qeydə alınıb ki, bu da illik indeksdə -0,67 faiz bəndlə öz əksini tapıb. Tibbi məhsul, avadanlıq və cihazların alt qrupunda qiymətlər (-17,2 faiz) azalıb. Eyni zamanda, ambulator tibbi xidmətlərin (12,5 faiz) və xəstəxana xidmətlərinin (6,6 faiz) qiymətləri artıb” - məlumatda qeyd olunub.


