Kvemo Kartlidə narkotiklərlə bağlı 5 xarici ölkə vətəndaşı saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli və Patrul Polisi departamentlərinin əməkdaşları narkotiklərlə bağlı cinayətə görə 5 şəxsi saxlayıb.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxslər xarici ölkə vətəndaşlarıdır. Onlar külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, satışı və satışına yardım etməkdə ittiham olunurlar.
“Polis əməkdaşları təqsirləndirilən şəxslərin üzərində və müvəqqəti yaşadıqları mənzillərdə, həmçinin onların göstərdikləri ünvanlarda aparılan axtarışlar nəticəsində satış üçün hazırlanmış xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələri maddi sübut kimi götürüblər. Bunların arasında kokain, həşiş və tiryək də var.
Həmçinin narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materiallar və ehtimal olunan narkotik satışından əldə edilmiş pul vəsaiti də maddi sübut kimi götürülüb.
Hüquq-mühafizə əməkdaşları məhkəmə qərarı əsasında saxlanılan şəxslərdən birindən narkotik vasitələrin nəzarətli alışını həyata keçirib və həmin alış prosesini gizli audio-video çəkilişə alıblar.
Araşdırma Cinayət Məcəlləsinin 260-cı, 260¹ və 260² maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə məlumatda bildirilib.


