15 
Fev
2025
21:50
255

Tbilisidə etiraz aksiyası: "Rus diktaturasına yox!"

Rustaveli prospektində, Parlament binasının qarşısında növbəti kütləvi etiraz aksiyası keçirilir.

InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları yeni seçkilərin təyin olunmasını və siyasi məhbusların azad edilməsini tələb edirlər.

"Rus diktaturasına yox!", "Yeni seçkilər istəyirik!", "Siyasi məhbuslara azadlıq!" şüarları ilə keçirilən etiraz aksiyası çərçivəsində Rustaveli prospekti avtomobil hərəkəti üçün bağlanıb.

Aksiya iştirakçıları əvvəlcə Avropa meydanında və Hökumət Administrasiyasının qarşısında toplaşıb, daha sonra yürüş edərək Parlament binasının önünə gəliblər. Bu, fasiləsiz davam edən etirazların artıq 80-ci günüdür.

Aksiya zamanı Gürcüstanın və Avropa İttifaqının himnləri səsləndirilib.

Etirazçılar üzərində müxtəlif şüarlar yazılmış plakatlar qaldırıblar:

"Rusiya bizim ortaq düşmənimizdir!"

"Yeni və ədalətli seçkilər tələb edirik!"

"Söz azadlığından əl çəkmə!"

"Mziya Amaqlobeliyə və rejimin bütün məhbuslarına azadlıq!"

Aksiya təşkilatçıları bildiriblər ki, səhnə qurmağa icazə verilməyib, lakin siyasi məhbuslardan gələn məktubların oxunması üçün kiçik bir platforma hazırlanacaq.

"Bizim yürüşümüz burada başa çatır. Təəssüf ki, səhnə qurmağa icazə vermədilər, bu, nə qədər qəribə olsa da. Lakin bir qədər sonra kiçik bir səhnə qurulacaq və biz sizə məhbusların məktublarını təqdim edəcəyik", - deyə aksiya iştirakçılarından biri bildirib.

Aksiya davam edir və iştirakçılar tələblərinin yerinə yetirilməsini gözlədiklərini bildirirlər.

Bizimlə əlaqə saxlayın