Gürcüstanın səhiyyə qurumları Lançxuti, Çoxatauri və Ozurgeti bələdiyyələrində təcili tibbi yardımı gücləndirib
Gürcüstanın Səhiyyə Nazirliyi ölkə vətəndaşlarının tibbi xidmətlərdən məhrum qalmaması üçün fövqəladə rejimdə işini davam etdirir.
InterPress.ge xəbər verir ki, bu barədə Fövqəladə Halların Koordinasiyası və Təcili Tibbi Yardım Mərkəzinin Tibbi Təminat Departamentinin rəhbəri Amiran Qoğitidze bildirib.
Onun sözlərinə görə, təcili yardım briqadaları 24 saat fasiləsiz rejimdə fəaliyyət göstərir və bütün xəstələrin tibbi ehtiyacları qarşılanır.
Onun verdiyi məlumata əsasən, Lançxuti, Çoxatauri və Ozurgeti bələdiyyələrində təcili tibbi yardım briqadalarının sayı artırılıb, yüksək keçid qabiliyyətinə malik təcili yardım avtomobilləri və reanimobillər səfərbər olunub. Bu tədbirlər kritik vəziyyətdə olan xəstələrin vaxtında müvafiq tibbi müəssisələrə çatdırılması üçün görülüb.
“Müxtəlif məntəqələrdə fəaliyyət göstərən paramedik qrupları regionun müxtəlif ərazilərində yerləşdirilib və əhaliyə ilkin tibbi yardım göstərir, həmçinin lazım olan dərman vasitələrini təmin edirlər”, – deyə Qoğitidze qeyd edib.
Səhiyyə Nazirliyi bölgədə dərmanların fasiləsiz təminatı üçün farmasevtik şirkətləri səfərbər edib. Eyni zamanda, ailə və kənd həkimləri də aktiv fəaliyyət göstərir, mümkün qədər hər bir vətəndaşa çatmağa, həm yerində, həm də telefon vasitəsilə tibbi məsləhət verməyə çalışırlar.
Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, regionda tibbi yardımla bağlı yaranan çətinliklərin qarşısının alınması üçün bütün lazımi tədbirlər görülməkdədir.


