04 
Mar
2025
11:30
233

“Novella” bədii-sənədli filminin qala gecəsi baş tutub - FOTO

Marneuli Mədəniyyət Evində “Aktual Media” tərəfindən hazırlanan “Novella” bədii-sənədli filminin qala gecəsi baş tutub.

InterPress.ge xəbər verir ki, təqdimatda Gürcüstan və Azərbaycanın rəsmi şəxsləri, iş adamları, elm və incəsənət nümayəndələri, jurnalistlər və gənclər iştirak ediblər.

Qala gecəsində Marneuli meri Kənan Ömərov, Azərbaycan Respublikasının Gürcüstandakı səfirinin müşaviri Kamal Xəlilov, Gürcüstan Universitetinin rektoru Konstantin Topuria, Türkiyə Maarif Məktəbləri Gürcüstan Marneuli şöbəsinin rəhbəri Murat Kordemir, İnkişaf və Təhsil Mərkəzinin rəhbəri Emin Əhmədov, eləcə də "SOCAR Georgia"nın nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirin ev sahibi, “Aktual Media”nın təsisçisi və Aktual.ge xəbər portalının direktoru, filmin ideya müəllifi və baş prodüseri İlkin Hüseynov çıxış edərək, Gürcüstanda azərbaycanlılar haqqında yayılan qeyri-dəqiq məlumatların onların imicinə mənfi təsir etdiyini vurğulayıb. O bildirib ki, “Novella” filmi azərbaycanlı gənclərin uğurlarını geniş ictimaiyyətə çatdırmaq və mövcud stereotipləri dağıtmaq məqsədilə çəkilib:

“Əsas məqsəd azərbaycanlıların Gürcüstanda müxtəlif sahələrdə əldə etdikləri uğurları nümayiş etdirməkdir. Filmin ərsəyə gəlməsində dəstək göstərən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə və iş adamlarına təşəkkür edirik.”

O, eyni zamanda “Novella 2” filminin də çəkiləcəyini açıqlayıb.

Marneuli meri Kənan Ömərov çıxışında istedadlı gənclərin tanıdılmasının və onların bu kimi nüfuzlu layihələrdə iştirakının vacibliyini vurğulayıb.

Azərbaycan Respublikasının Gürcüstandakı səfirinin müşaviri Kamal Xəlilov isə “Aktual Media” komandasına təşəkkür edərək bildirib ki, “Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı xoşagəlməz stereotiplərin formalaşmasının qarşısını almaq üçün bu kimi layihələrin həyata keçirilməsi vacibdir.”

Filmin ssenari müəllifi və montaj rejissoru Elnur Vəlizadə filmin detalları haqqında məlumat verib.

“Novella” filmi Gürcüstanda yaşayan azərbaycanlı gənclərin həyat hekayələrini əks etdirir. Burada hüquqşünas və vəkil Edda Qocayeva, Pineo klinikasının kardiologiya şöbəsinin rəhbəri Linda Mustafayeva, pianoçu və beynəlxalq festivallar laureatı Şaban Məmmədov, rəssam Emilya Hüseynova, ingilis dili müəllimi Samirə İsmayılova və stomatoloq Məmməd Muradov kimi uğurlu gənclərin həyat yoluna işıq salınıb.

Film Gürcüstanın xalq müdafiəçisi Levan İoselianinin müsahibəsi ilə başlayır. O, çıxışında azərbaycanlıların Gürcüstanın sosial-iqtisadi inkişafında mühüm rol oynadığını qeyd edib və onların müxtəlif sahələrdə uğur qazandığını vurğulayıb.

“Azərbaycanlı gənclərin gürcü dilini öyrənməsi nəticəsində onlar Gürcüstan cəmiyyətində müxtəlif sahələrdə iş tapırlar. İkili təhsil proqramı artıq başlayıb və bu, gələcəkdə daha yaxşı nəticələr verəcək.”

Tədbir çərçivəsində filmin qəhrəmanları mükafatlandırılıb. Həmçinin filmin ərsəyə gəlməsinə dəstək göstərən iş adamları “Aktual Media” tərəfindən təltifnamələrlə mükafatlandırılıblar.

Bizimlə əlaqə saxlayın