Roman Qotsiridze: “Gürcüstanda əhali siyahıyaalınması baş tutmayıb – nəticələr absurddur”
Gürcü iqtisadçı, Milli Bankın keçmiş prezidenti Roman Qotsiridze 2024-cü ildə keçirilmiş əhali siyahıyaalmasının nəticələrini tənqid edib.
InterPress.ge xəbər verir ki, iqtisadçı bu barədə sosial şəbəkdə qeyd edib.
Qotsiridzenin sözlərinə görə, real siyahıyaalma aparılmayıb və nəticələr etibarsızdır:
“Gürcüstanda əhali siyahıyaalması baş tutmayıb. Demək olar ki, hər ikinci adam deyir ki, ona heç kim gəlməyib. Bir çoxu etiraz əlaməti olaraq qapını açmayıb. Əvvəlki siyahıyaalma ilə müqayisədə əhali 200 min nəfər artıb. Məntiqlə baxsaq, siyahıyaalmada iştirak etməyənlər də əlavə olunsaydı, artım daha çox olmalı idi. Amma əslində belə deyil – sadəcə, istədiklərini yazıblar. Reallıqda ölkənin əhalisinin sayı bilinmir. Nəticə isə absurddur.”
İqtisadçı qeyd edib ki, rəsmi nəticələrdə son on ildə əhali 200 min nəfər artmış görünür, amma bu dövrdə təbii azalma və miqrasiya səbəbilə Gürcüstan vətəndaşlarının sayı təxminən 250 min nəfər azalıb.
“Onda əlavə 450 min nəfər haradan çıxdı? Bunlar miqrantlar və xarici vətəndaşlar olmalıdır. Əgər belədirsə – bu, fəlakətdir. Amma rəsmi miqrasiya statistikası belə rəqəmləri göstərmir. Orada qeyd olunan miqrant sayı 230 mindir. Bu isə absurddur.”
Qotsiridze həmçinin Dövlət Statistika İdarəsini də tənqid edib:
“Gürcü Arzusu” üçün gözə kül üfürmək adi bir şeydir. Dövlət Statistika İdarəsi isə hökumətə sərf edən məlumatları ‘hazırlamaqla’ məşhurdur, amma buna baxmayaraq yetərincə tənqid olunmur. Bu məsələdə konkret kimin nəticələri saxtalaşdırmaqda maraqlı olduğu önəmli deyil. Əhalinin artımını hökumət bir tərəfdən təbliğat üçün istifadə edə bilər, amma digər tərəfdən, artan əhali bir nəfərə düşən ÜDM-i azaldır ki, bu da hökumət üçün arzuolunan deyil.”
İqtisadçı bildirib ki, bu vəziyyət daha çox peşəkar qüsurdan qaynaqlanır:
“Burada siyasi məqsədlə manipulyasiyadan çox, qeyri-peşəkarlıq var. Daha da pisi odur ki, siyahıyaalma zamanı yalnız əhali sayı yox, bir çox digər vacib statistik məlumat da toplanırdı. Təəssüf ki, o məlumatlar da saxtalaşdırılıb. Dövlət Statistika İdarəsi buna görə cavab verməlidir.”


