07 
Iyl
2025
16:50
232

Gürcüstanın səhiyyə naziri: “Tornike Rijvadzənin vəziyyəti ağırdır, həkimlər onun sağlamlığını qorumağa çalışırlar”

Gürcüstanın səhiyyə naziri Mixeil Sarjveladze keçmiş Acarıstan hökumət başçısı Tornike Rijvadzənin vəziyyəti ilə bağlı açıqlama verib. O bildirib ki, Rijvadze hazırda Birinci Universitet Klinikası reanimasiya şöbəsində müalicə alır və vəziyyəti ağır olaraq qiymətləndirilir.

“Bildiyiniz kimi, Tornike Rijvadze gecə saatlarında Saqareco klinikasına yerləşdirilib. O, ağır travma alıb – sinə nahiyəsindən güllə yarası var idi. Yerində təcili tədbirlər həyata keçirildi, cərrahi əməliyyat keçirildi. Bütün vacib prosedurlar icra olundu ki, həyati vacib göstəricilər bərpa olunsun. Bu, uğurla həyata keçirildi. Sonra qərar qəbul olundu ki, o, buraya – Birinci Universitet Klinikasına köçürülsün. Hazırda reanimasiya şöbəsindədir. Çünki vəziyyət çox ağırdır və intensiv müalicə tələb olunur. Bu zaman profilaktik tədbirlər də vacibdir. Onun həyatının və sağlamlığının qorunması üçün lazım olan hər şey edilir.

Çox ağır, şokedici, dəhşətli bir xəbər idi hamımız üçün. Həkimlər əlindən gələni edirlər ki, sağlamlığı qorunsun”, – deyə Sarjveladze bildirib.

Nazir qeyd edib ki, Rijvadzənin vəziyyəti xüsusi nəzarət tələb edir:

“Vəziyyət ağırdır – bu, o deməkdir ki, o xüsusi nəzarət və müşahidə altındadır, xüsusi müalicə tələb olunur ki, mövcud risklər neytrallaşdırılsın və sağlamlığın bərpası üçün qayğı göstərilsin”.

Jurnalistin sualına cavab olaraq, nazir bildirib ki, Tornike Rijvadzənin yalnız bir güllə yarası var:

“Bir güllə yarası var. Xoşbəxtlikdən yalnız ağciyər zədələnib, digər həyati vacib orqanlara zərər dəyməyib. Hazırda ən vacibi odur ki, sağlamlığa xüsusi diqqət və müvafiq tədbirlər həyata keçirilsin – bu da təmin olunur”.

Mixeil Sarjveladze həmçinin mətbuatda yayılan məktub məsələsinə də münasibət bildirib:

“Məktubla bağlı dəqiq danışa bilmərəm. Mənim eşitdiyimə görə, onun geyimində həmin məktub tapılıb. Hazırda bundan başqa deyə biləcəyim bir şey yoxdur. Təbii ki, məktub müvafiq qaydada götürülüb və sübut kimi qeydə alınıb. Bu barədə cəmiyyət tam qanuni qaydada məlumatlandırılacaq”.

Xatırlatma:

Daxili İşlər Nazirliyinin məlumatına görə, bu gün səhər Tornike Rijvadze Saqareco “GeoHospitals” klinikasına sinə nahiyəsindən güllə yarası ilə gətirilib. Ona təcili tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, onun ağciyəri zədələnib və vəziyyəti sabit ağır olaraq qiymətləndirilir. Daha sonra Rijvadze Saqarecodan Birinci Universitet Klinikasına köçürülüb.

Mövcud məlumata əsasən, iş üzrə silahın səhlənkar saxlanmasına görə Aleksi Axvlediani təqsirləndirilən şəxs qismində saxlanılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər