İnsaf Əliyev qeyri-insani şəraitə etiraz olaraq aclıq aksiyasına başlayıb
Vicdan məhbusu İnsaf Əliyev saxlandığı müəssisədəki qeyri-insani şəraitə görə aclıq aksiyasına başlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə onun vəkili Ayhan Həsənli məlumat verib.
Vəkilin sözlərinə görə, dünən İnsaf Əliyev bildirib ki, 186-cı kamerada çoxlu sayda tarakanlar olub. Şikayətdən sonra o və digər məhbuslar 248-ci kameraya köçürülüblər. Lakin yeni kamerada su olmayıb və kanalizasiya tutulmuş vəziyyətdə olub. Bu səbəbdən onlar əl-üz yumaq və qab yumaq imkanından məhrum olduqlarına görə yemək qəbul edə bilməyiblər.
Həsənli deyib ki, İnsaf Əliyev məsələ ilə bağlı səlahiyyətli şəxsə müraciət etsə də, beş saat ərzində reaksiya olmayıb. Daha sonra o, qapını döyüb, lakin bu, daxili qaydaların pozulması kimi qeydə alınıb və həmin günün axşamı 5 günlük təkadamlıq kameraya yerləşdirilib.
Vəkilin sözlərinə görə, İnsaf Əliyevin səhhətində problemlər var, o, hər iki gündən bir iynə və dərman qəbul etməlidir. Dərmanların veriləcəyi vəd edilsə də, bu günə qədər ona çatdırılmayıb. Təcrid kamerasına köçürülməzdən əvvəl dərmanlarını və şəxsi əşyalarını götürmək istəsə də, buna imkan verilməyib, qandallanaraq zorla aparılıb.
Ayhan Həsənli əlavə edib ki, İnsaf Əliyev əvvəlki kameraya qaytarıldıqda orada aparılmış dezinfeksiya səbəbindən güclü kimyəvi qoxu olub və o, iki dəfə özünü pis hiss edərək həkimə aparılıb.
Məlumata görə, Ombudsman Aparatı hadisə ilə bağlı məlumatlandırılıb.


