Tramp: “Atəşkəs vacib deyil, lakin uzunmüddətli sülh üçün çalışacağıq”
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukraynada atəşkəsin elan olunması zəruri deyil.
InterPress.gexəbərverirki, o, bu barədə Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə danışıb.
“Əgər bu il əldə etdiyim altı razılaşmaya baxsanız, hamısı müharibələrlə bağlı idi və heç birində atəşkəs tətbiq etmədim. Mən başa düşürəm ki, bu yaxşıdır, amma eyni zamanda anlayıram ki, strateji baxımdan hansısa ölkə bunu istəməyə bilər. İstərdim ki, döyüşlər dayandırılsın”, – deyə Tramp bildirib.
Onun sözlərinə görə, sülh sazişi əldə olunacağı halda ABŞ bunun işləməsini təmin edəcək:
“Biz Ukrayna və digər tərəflərlə birlikdə uzunmüddətli sülhü təmin etməyə çalışacağıq. Əgər buna nail olsaq, əminəm ki, işləyəcək. Mənim heç bir şübhəm yoxdur”.
Tramp əlavə edib ki, təhlükəsizlik zəmanətləri məsələsində Ukrayna böyük dəstək alacaq:
“Təhlükəsizlik sahəsində böyük yardım olacaq. Onlar müdafiənin ön xəttindədirlər və biz onlara kömək edəcəyik. Bu prosesdə iştirakımız olacaq”.
Amerika qoşunlarının Ukraynada yerləşdirilməsi ehtimalına gəldikdə isə, Tramp bununla bağlı açıqlamanın daha sonra veriləcəyini deyib:
“Bəlkə də bu barədə bu gün, bir az sonra məlumat verəcəyik. Biz böyük dövlətlərin yeddi möhtəşəm lideri ilə görüşəcəyik və məsələni müzakirə edəcəyik. Onların hamısı bu prosesə cəlb olunacaq və böyük dəstək göstəriləcək”, – deyə ABŞ Prezidenti vurğulayıb.


