21 
Avq
2025
14:14
366

Gürcüstanda dövlət qurumlarında ödənişli staj proqramı elan olundu

Gürcüstanın Baş naziri 2025-ci il sentyabrın 1-dən etibarən dövlət idarələrində, həmçinin dövlət qurumlarının sisteminə daxil olan hüquqi şəxslərdə (ictimai və özəl hüquqi şəxslərdə) üçaylıq ödənişli staj proqramının başlanması barədə qərar qəbul edib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı hökumət administrasiyası yayıb.

Məlumata görə, staj proqramına qoşulmaq istəyənlər 2025-ci il sentyabrın 1-dən 10-dək hökumətin idarə etdiyi www.hr.gov.ge portalı vasitəsilə müxtəlif qurumların elan etdiyi 3 000-ə yaxın müsabiqəyə müraciət edə biləcəklər.

Staj proqramına Gürcüstanın hər bir fəaliyyət qabiliyyətli vətəndaşı qəbul oluna bilər. Şərtlərə görə, namizəd dövlət dilini bilməli, ali təhsilin birinci mərhələsində (sonuncu kurs), yaxud ikinci mərhələsində təhsil almalı və ya 2024-2025-ci tədris ilinin yaz semestrində bu mərhələlərdən birini bitirməlidir.

Seçim meyarı kimi namizədin akademik göstəriciləri müəyyən edilib: qiymətləndirmə sistemi üzrə 71-100 bal və ya GPA 2.7–4.0 aralığında olmalıdır. Bundan əlavə, qurumlar öz strukturuna və fəaliyyət spesifikasına uyğun əlavə tələblər də irəli sürə biləcəklər.

Müsabiqə iki mərhələdə keçiriləcək – ərizələrin seçilməsi və müsahibə. Qərarı aidiyyəti dövlət qurumunun rəhbəri tərəfindən yaradılmış komissiya qəbul edəcək. Eyni göstəricilərə malik namizədlər arasında üstünlük daha yüksək akademik nəticələri olanlara veriləcək.

Seçilmiş namizədlər 2025-ci il oktyabrın 1-dən dekabrın 31-dək staj keçəcəklər. Dövlət idarələrində keçirilən staj dövlət qulluğunda iş stajına, digər hüquqi şəxslərdəki staj isə ümumi iş təcrübəsinə daxil ediləcək.

Əlavə məlumat almaq istəyənlər üçün hökumət administrasiyasının elektron poçtu təqdim olunub: [email protected].

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər