25 
Avq
2025
13:37
356

Gürcüstanda yol qəzalarında ölənlərin sayı artıb

Yol təhlükəsizliyinə dair milli strategiya və fəaliyyət planının mövcudluğuna baxmayaraq, ölkədə yol qəzalarında ölənlərin sayı artır.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcüstanın Təhlükəsiz Yollar Alyansı” məlumat yayıb.

Belə ki, həmin strategiyanın məqsədi 2025-ci ilin sonunadək qurbanların sayını 25% azaltmaqdır.

Təşkilatın açıqlamasına əsasən, Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına (info.police.ge) əsaslanan 2025–2024-cü illərin yanvar-iyun aylarının müqayisəli təhlili göstərir ki, 2025-ci ildə yol qəzalarının sayı əvvəlki illə müqayisədə 12,4%, yaralıların sayı 13,7%, ölüm halları isə 20,7% artıb.

Məlumatda bildirilir ki, 2025-ci ilin ilk altı ayında Gürcüstanda 2 860 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 3 816 nəfər xəsarət alıb (onlardan 910-u piyadadır), 216 nəfər isə həyatını itirib (onlardan 79-u piyadadır). Müqayisə üçün, 2024-cü ilin yanvar-iyun aylarında 2 544 qəza qeydə alınmış, 3 356 nəfər yaralanmış, 179 nəfər isə ölmüşdü.

Qəzaların əsas səbəbləri kimi qarşı zolağa çıxma və ötmə qaydalarının pozulması, sürət həddinin aşılması və dönmə zamanı yanlış manevrlər göstərilir.

Təşkilatın rəhbəri Eka Lalişvilinin sözlərinə görə, yol təhlükəsizliyinin artırılması üçün fəaliyyət planının ardıcıl icrası vacibdir:

“Qaydaların səmərəli icrası, uşaq oturacaqlarının və arxa təhlükəsizlik kəmərlərinin məcburi istifadəsi, məktəblərin yanında təhlükəsiz zonaların yaradılması, şəhər yollarında sürət limitlərinə yenidən baxılması və digər tədbirlər vaxtında həyata keçirilməlidir. ‘Təhlükəsiz sistem’ yanaşması, hansı ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsaslanır, milli yol təhlükəsizliyi strategiyasının da əsasını təşkil edir. Bu modelin məqsədi odur ki, insanlar yollarda səhv etdikdə belə, ağır xəsarət və ya ölüm riskindən qorunsun. Finlandiya bu modelin tətbiqi ilə misilsiz nəticə əldə edib – 2024-cü ildə Helsinkidə yollarda bir nəfər də ölməyib. Bu, göstərir ki, ‘təhlükəsiz sistem’in ardıcıl icrası ilə sıfır qurban real və əldə edilə bilən hədəfdir”, – deyə Eka Lalişvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər