Prokurorluq böyük miqdarda narkotik vasitələrin saxlanması faktına görə bir nəfəri təqsirləndirilən şəxs qismində tanıyıb
Ölkədə 34 512 ədəd “Metadon” həbi, eləcə də “Heroin”, “Morfin” və “Kodein” tərkibli 2 litrə yaxın maye şəklində narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması faktına görə bir şəxs barəsində ittiham irəli sürülüb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu bildirib.
Məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs müxtəlif növ və xüsusilə böyük miqdarda narkotik vasitələri qanunsuz saxlayırdı. Axtarış zamanı, Tbilisinin Fonichala qəsəbəsində yaşayan, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş şəxsin evində xüsusi hazırlanmış gizli yerlərdən narkotik vasitələr götürülüb.
Prokurorluğun açıqlamasına əsasən, bu, indiyədək Gürcüstanda polis əməliyyatı nəticəsində ələ keçirilmiş ən böyük həcmdə “Metadon”dur.
Şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 2-ci hissəsinin “a” bəndi və 3-cü hissəsinin “a” bəndi (xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması) üzrə ittiham irəli sürülüb. Cinayət maddəsi 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluğun təqdim etdiyi vəsatət əsasında məhkəmə şübhəli barəsində həbs qətimkan tədbiri seçib.


