DTX Tbilisidə, Kutaisidə və Batumidə saxta tibbi arayış hazırlayan və rüşvət almaqda iştirak edən üç nəfəri saxlayıb
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antikorrupsiya Agentliyi Tbilisidə, Kutaisidə və Batumidə saxta tibbi arayışların hazırlanması və kommersiya rüşvəti faktları ilə bağlı üç nəfəri saxlayıb.
InterPress.ge xəbər veri ki, bu barədə məlumatı DTX-nin Antikorrupsiya Agentliyinin direktoru Emzar Qağnidze qurumda keçirilən brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, araşdırma nəticəsində müəyyən olunub ki, müxtəlif tibb müəssisələrinin həkimləri və onların köməkçiləri müəyyən məbləğdə pul aldıqları müqabilində saxta tibbi sənədlər hazırlayıb, həmin sənədlər əsasında bəzi şəxslərə əlillik statusu verilib.
İstintaqın gedişində aşağıdakı hallar müəyyən olunub:
-
Tbilisidə fəaliyyət göstərən tibb müəssisəsinin əməkdaşı D.T. bir vətəndaşa 3 000 lari müqabilində bronkial astma diaqnozu ilə saxta arayış verib, heç bir tibbi müayinə və komissiyadan keçmədən ona əlillik statusu verilib;
-
Batumidə həkimlərlə cinayət əlaqəsində olan T.D. adlı şəxs bir vətəndaşa 9 500 lari qarşılığında C hepatitinin nəticəsində yaranmış qaraciyər xəstəliyi adı altında saxta sənəd verib, nəticədə həmin şəxsə I qrup əlil statusu təyin olunub;
-
Kutaisidə həkimlərlə əlbir olan Ç.O. adlı şəxs bir vətəndaşa epilepsiya diaqnozu ilə 3 200 lari müqabilində saxta arayış hazırlayıb. Bunun üçün o, vətəndaşı nevroloqa aparıb, həkim isə kompüter elektroensefaloqrafiyası barədə saxta sənəd tərtib edib. Daha sonra həmin şəxs başqa klinikaya aparılıb və orada da ikinci həkim tərəfindən eyni diaqnozla saxta sənəd hazırlanıb.
DTX-nin məlumatına görə, bu halların məqsədi Sosial Xidmət Agentliyinə saxta sənədlərin təqdim edilməsi və dövlət tərəfindən təyin olunan pensiya və güzəştlərin qanunsuz yolla alınması olub.
Hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 221-ci maddəsinin IV hissəsi, 25 və 362-ci maddələri üzrə aparılır ki, bu da qrup halında kommersiya rüşvəti almaq, rüşvətdə iştirak və saxta rəsmi sənədlərin əldə edilməsi və yayılması anlamına gəlir. Cinayət üçün 4 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Emzar Qağnidze bildirib ki, bu cür hallar təkcə dövlət və cəmiyyətin antikorrupsiya maraqlarına deyil, həm də peşəkar həkimlərin nüfuzuna zərər vurur:
“Tibbi müəssisələrin əməkdaşlarına və onlarla cinayət əlaqəsinə girməyi planlaşdıran şəxslərə müraciət edirəm – bu cür qanunsuz addımlardan çəkinin. Dövlət Təhlükəsizliyi Xidməti korrupsiya cinayətlərinə qarşı xüsusilə güzəştsiz mövqe tutacaq”, – deyə Qağnidze vurğulayıb.


