BILD: Yaxın Şərqdən evakuasiya olunan alman turistlər hər nəfər üçün 500 avro ödəməlidirlər
Almaniyanın BILD nəşrinin əldə etdiyi məlumata görə, Almaniya hökumətinin Yaxın Şərqdən təşkil etdiyi çarter reysləri ilə evakuasiya olunan alman turistlər xilas olunmaq üçün hər nəfərə 500 avro ödəməlidirlər.
Almaniya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, bu qiymət bazarda mövcud olan iqtisadi sinif biletlərinin standart dəyərinə uyğundur.
Almaniya hökumətinin təşkil etdiyi ilk evakuasiya reysi çərşənbə günü səhər saat 07:39-da eniş edib. Təyyarənin göyərtəsində Yaxın Şərqdə müharibə səbəbindən orada qalmış Almaniya vətəndaşları olub. Lufthansa şirkətinə məxsus Airbus A340-300 təyyarəsi bir gün əvvəl Oman paytaxtı Maskatdan havaya qalxıb.
LH345 xüsusi reysi ilə əsasən daha həssas qruplara aid şəxslər təxliyə edilib. Almaniyanın xarici işlər naziri Yohann Vadepul WELT TV-yə açıqlamasında bildirib ki, bu reyslə “yaşlılar, xəstələr, zəif şəxslər, hamilə qadınlar və uşaqlar” daşınıb.
Nazir “Instagram” səhifəsində yazıb ki, Maskatdan Frankfurta təşkil edilən xüsusi reyslə 250-dən çox insan evakuasiya olunub və yaxın günlərdə əlavə reyslər də planlaşdırılır.
Nəşrin məlumatına görə, vətəndaşların vətənə qayıdışı baha başa gələ bilər. BILD bildirir ki, evakuasiya pulsuz olmayıb və turistlər biletlər üçün hər nəfərə 500 avro ödəməli olublar. Ailələr üçün isə ümumi məbləğ sürətlə artaraq minlərlə avroya çata bilər.
Nəşr qeyd edir ki, digər Avropa ölkələrində də oxşar praktika tətbiq olunur. Məsələn, Finlandiya Maskatdan Helsinkiyə xüsusi reys təşkil edir və bu uçuşun bileti təxminən 2300 avroya başa gəlir. Finlandiyanın konsulluq xidmətlərinin baş direktoru isə bildirib ki, nazirlik biletlərin bahalı olduğunu anlayır.


