20 
Mar
2026
10:48
179

Aİ Şurası: İran dərhal qonşu ölkələrə hücumları dayandırmalı və ölkələrin suverenliyinə hörmət etməlidir

Avropa İttifaqı Şurası İranı region ölkələrinə qarşı hücumları dərhal dayandırmağa və onların suverenliyi ilə ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa Şurasının iclasından sonra yayılan yekun bəyanatda bildirilib.

Bəyanatda qeyd olunur ki, İran və ümumilikdə regionda baş verən hadisələr regional və qlobal təhlükəsizlik üçün ciddi risk yaradır.

Şura tərəfləri gərginliyin azaldılmasına, maksimum təmkin nümayiş etdirməyə, mülki əhalinin və infrastrukturun qorunmasına, həmçinin beynəlxalq hüquqa, o cümlədən BMT Nizamnaməsi və beynəlxalq humanitar hüquq prinsiplərinə tam riayət etməyə çağırıb.

Eyni zamanda, enerji və su təchizatı obyektlərinə hücumlara moratorium tətbiq olunması tövsiyə edilib. Bəyanatda mülki itkilərlə bağlı təəssüf ifadə olunub və hərbi əməliyyatların iqtisadi sabitliyə təsirinin diqqətlə izlənildiyi bildirilib.

Aİ Şurası İranın region ölkələrinə qarşı həyata keçirdiyi seçici olmayan hərbi zərbələri kəskin pisləyib və zərər çəkmiş ölkələrlə həmrəylik ifadə edib.

“İran və onun proksi qrupları bu hücumları dərhal dayandırmalı və region ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmət etməlidir. BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsi tam şəkildə icra olunmalıdır”, – deyə bəyanatda vurğulanıb.

Şura həmçinin Hörmüz boğazında gəmiçiliyə mane olan və ya naviqasiyaya təhlükə yaradan istənilən hərəkəti pisləyib.

Aİ liderləri regionda hava məkanının və dəniz təhlükəsizliyinin qorunmasının vacibliyini qeyd edərək, gərginliyin azaldılması istiqamətində səyləri dəstəkləyəcəklərini bildiriblər.

Bəyanatda qeyd olunub ki, Aİ üzv dövlətləri Hörmüz boğazında sərbəst naviqasiyanın təmin olunması üçün səylərini artırır.

Eyni zamanda, Şura Avropaya doğru nəzarətsiz miqrasiya axınının qarşısını almaq və təhlükəsizliyi qorumaq məqsədilə diplomatik, hüquqi, operativ və maliyyə alətlərini səfərbər etməyə hazır olduğunu bəyan edib.

Sonda vurğulanıb ki, Avropa İttifaqı region tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcək, gərginliyin azaldılması, hərbi əməliyyatların dayandırılması, İranın nüvə silahı əldə etməsinin qarşısının alınması və destabilizasiya yaradan fəaliyyətlərə son qoyulması istiqamətində bütün diplomatik səylərə dəstək verəcək.

Bizimlə əlaqə saxlayın