Polşada körpənin ölümü: Gürcüstan vətəndaşları şübhəli qismində saxlanıldı
Polşada aprelin əvvəlində ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən körpə həyatını itirib. Hadisə ilə bağlı üç nəfər saxlanılıb, uşağın atası isə axtarışa verilib.
InterPress.ge xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.
Məlumata görə, 5 aylıq körpə aprelin 2-də Poznan şəhərində yerləşən pediatriya mərkəzinə anası – Tamar K. tərəfindən aparılıb. Daha sonra uşaq Karol Yonşer xəstəxanasına köçürülüb, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Körpə aprelin 8-də dünyasını dəyişib.
Prokurorluğun məlumatına əsasən, aparılan tibbi müayinələr nəticəsində körpənin kəllə sümüyündə sınıq və xroniki beyin zədələri aşkarlanıb. Həkimlərin sözlərinə görə, bu xəsarətlər təkcə bir dəfə yıxılma ilə izah oluna bilməz və ən azı bir neçə gün ərzində üçüncü şəxslərin təsiri nəticəsində yaranmış ola bilər.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, körpənin aldığı xəsarətlər ağır fiziki zədələrdir və ehtimal olunur ki, “uşağın güclü şəkildə silkələnməsi, başının sərt əşyalara dəyməsi və ya yerə çırpılması” nəticəsində baş verib.
Faktla bağlı aparılan istintaq çərçivəsində uşağın anası Tamar K., onunla birlikdə olan şəxslər – Aleksandr S. və Vladislav M. saxlanılıb. Hər üç şəxsə uşağa ağır xəsarət yetirmə və ona yardım etməmək ittihamı irəli sürülüb.
İş üzrə uşağın atası Nazquri K. də şübhəli şəxs qismində tanınıb və hazırda polis tərəfindən axtarılır.
5 aylıq körpənin ölüm səbəbi hələlik tam müəyyən edilməyib. Yekun ekspertiza rəyi əlavə analizlər və tam tibbi sənədlərin araşdırılmasından sonra açıqlanacaq.
Qeyd edək ki, Polşa qanunvericiliyinə əsasən, ölümə səbəb olan ağır xəsarət yetirmə cinayəti 5 ildən ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Polşa mediasının məlumatına görə, uşağın valideynləri Gürcüstan vətəndaşları, digər iki şübhəli isə Moldova vətəndaşlarıdır.


