Ursula fon der Leyen: Macarıstan Avropanı seçdi
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Macarıstanda keçirilən parlament seçkilərinin nəticələrinə münasibət bildirib.
InterPress.ge xəbər verir ki, o, sosial şəbəkə X-də paylaşım edərək Macarıstanın Avropa yolunu seçdiyini vurğulayıb.
“Macarıstan Avropanı seçdi, Avropa isə həmişə Macarıstanı seçir. Birlikdə biz daha güclüyük”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Macarıstan yenidən Avropa kursuna qayıdır və bu, Avropa İttifaqını daha da gücləndirir.
“Bu gün gecə Avropanın ürəyi Macarıstanda daha güclü döyünür”, – deyə Ursula fon der Leyen əlavə edib.
Qeyd edək ki, Macarıstanda parlament seçkilərində səslərin 45.71%-i hesablandıqdan sonra Tisa Partiyası liderlik edir və 199 yerlik parlamentdə 135 mandat qazanacağı proqnozlaşdırılır. Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Fidesz və onun müttəfiqi KDNP isə 57 mandat əldə edə bilər.
Artıq Viktor Orban seçkilərdə məğlubiyyətini etiraf edib və rəqibini qələbə münasibətilə təbrik edib.


