Media: İran ABŞ-yə uranın zənginləşdirilməsini 5 il müddətinə dayandırmağı təklif edib
The New York Times nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, İran ABŞ-yə uranın zənginləşdirilməsini 5 il müddətinə dayandırmağı təklif edib.
InterPress.ge xəbər verir ki, nəşrin məlumatına əsasən, həftəsonu Pakistanda keçirilən danışıqlar zamanı ABŞ və İran nümayəndə heyətləri uranın zənginləşdirilməsi məsələsini müzakirə ediblər, lakin tərəflər razılığa gəlməkdən hələ uzaqdır.
Mənbələrin bildirdiyinə görə, bazar ertəsi İran ABŞ-yə rəsmi təklif təqdim edib. Təklifdə qeyd olunur ki, Tehran uranın zənginləşdirilməsini yalnız 5 il müddətinə dayandırmağa razıdır.
Amerikalı yüksək vəzifəli şəxs nəşrə açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Trump İranın bu təklifini rədd edib.
Bundan əlavə, onun sözlərinə görə, İran yüksək zənginləşdirilmiş uranın ölkədən çıxarılması ilə bağlı ABŞ-nin təklifini də qəbul etmir.
Qeyd edək ki, daha əvvəl Axios nəşri Pakistanda keçirilən danışıqlar zamanı ABŞ-nin İrana uranın zənginləşdirilməsi üzrə 20 illik moratorium təklif etdiyini yazmışdı.


