Pakistan: ABŞ və İran arasında razılaşma əldə olunub – Sənədin iyunun 19-da imzalanacağı bildirilir
Pakistan tərəfi ABŞ və İran arasında razılaşmanın əldə olunduğunu açıqlayıb. Bu barədə "Sky News" məlumat yayıb.
InterPress.ge xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif bildirib ki, əldə olunan razılaşma bütün cəbhələrdə aparılan hərbi əməliyyatların dərhal və daimi şəkildə dayandırılmasını nəzərdə tutur. Onun sözlərinə görə, razılaşma Livandakı hərbi əməliyyatları da əhatə edir.
Şahbaz Şərif qeyd edib ki, razılaşmanın rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək.
"Biz münaqişənin diplomatik yollarla həlli istiqamətində nümayiş etdirdikləri iradəyə görə Amerika Birləşmiş Ştatlarına və İran İslam Respublikasına təşəkkür edirik", – deyə Pakistanın Baş naziri bildirib.
Onun sözlərinə görə, danışıqlar prosesində vasitəçilər mühüm rol oynayıblar. Şərif bu prosesin əsas dəstəkçilərindən biri kimi Qətərə xüsusi təşəkkürünü ifadə edib.
Pakistanın Baş naziri həmçinin Səudiyyə Ərəbistanı və Türkiyənin də razılaşmanın əldə olunmasına "əhəmiyyətli töhfə" verdiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ və İran tərəfindən bu məlumatla bağlı hələlik rəsmi təsdiq verilməyib. İran rəsmiləri bundan əvvəl yekun razılaşma ilə bağlı yayılan xəbərlərin "yalnız spekulyasiya" olduğunu bildirmişdilər.


