Aİ-nin genişlənmə üzrə komissarı: Yeni üzv ölkələrin veto hüququ məhdudlaşdırılacaq
Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos təsdiqləyib ki, gələcəkdə Avropa İttifaqına qoşulacaq yeni üzv dövlətlərin veto hüququna müəyyən məhdudiyyətlər tətbiq ediləcək.
InterPress.ge xəbər verir ki, Marta Kos bu barədə Lüksemburqda Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü öncəsi jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Jurnalistlər Avropa İttifaqının Ukraynanın üzvlük prosesinin başlanğıc mərhələsində veto hüququnun məhdudlaşdırılması məsələsini nəzərdən keçirib-keçirmədiyini soruşublar. Komissar cavabında qeyd edib ki, ilk növbədə Ukrayna ilə üzvlüklə bağlı sazişin imzalanacağı mərhələyə çatmaq vacibdir.
Onun sözlərinə görə, həmçinin yeni üzv dövlətlərin Avropa qaydalarına üzvlükdən 5, 10 və hətta 15 il sonra da riayət edəcəyinə əmin olmaq lazımdır.
"Hazırda biz Monteneqronun üzvlüyü ilə bağlı sazişin hazırlanması prosesindəyik. Buna görə də bunun necə həyata keçiriləcəyini görmək üçün hələ müəyyən vaxt lazımdır. Lakin bu gün bildiyimiz odur ki, Avropa İttifaqına qoşulma ilə bağlı yeni nəsil sazişlər olacaq və həmin sazişlərdə sizin qeyd etdiyiniz məsələlərin qarşısını almağa imkan verəcək yeni qoruyucu mexanizmlər nəzərdə tutulacaq", – deyə Marta Kos bildirib.
Qeyd edək ki, media məlumatlarına əsasən, Almaniya, Fransa, Niderland, Belçika və Lüksemburq Avropa İttifaqını yeni üzv dövlətlər üçün səsvermə hüququnun müvəqqəti məhdudlaşdırılması imkanını nəzərdən keçirməyə və yeni üzvlərin hüququn aliliyinə əməl etməsini təmin edəcək zəmanət mexanizmləri hazırlamağa çağırırlar.


