22 
Iyn
2026
10:25
89

İran XİN rəhbəri: Neftə qarşı sanksiyalar ləğv edilir, dondurulmuş aktivlərin bir hissəsi azad olunub

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İran arasında keçirilən danışıqların ilk mərhələsindən sonra ölkəsi üçün mühüm iqtisadi nəticələrin əldə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, İran neftinə tətbiq edilən sanksiyalar ləğv olunub və xaricdə dondurulmuş aktivlərin bir hissəsi istifadəyə açılıb.

InterPress.ge xəbər verir ki, Abbas Əraqçi bu barədə ABŞ və İran arasında keçirilən danışıqların ilk raundunun başa çatmasından sonra X sosial şəbəkəsində paylaşım edib. İranlı nazir bildirib ki, əldə olunan razılaşmalar ölkənin iqtisadi və inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır.

Əraqçinin sözlərinə görə, İranın xarici ölkələrdə dondurulmuş maliyyə vəsaitlərinin bir hissəsi artıq sərbəstləşdirilib, eyni zamanda İran neft sektoruna tətbiq olunan sanksiyaların aradan qaldırılması prosesi başlayıb.

İranın xarici işlər naziri əlavə edib ki, ölkədə genişmiqyaslı bərpa və inkişaf proqramının icrasına start verilib.

"İran üçün genişmiqyaslı yenidənqurma və inkişaf planı başlayıb", – deyə Abbas Əraqçi qeyd edib.

Nazir, həmçinin bildirib ki, əldə olunan razılaşmaların ilk praktik sınağı Livanda yaradılacaq deeskalasiya mexanizmi olacaq. Onun sözlərinə görə, Qətər və Pakistanın da təsdiqlədiyi kimi, ABŞ və İran Livanda xüsusi dekonfliktasiya mərkəzinin yaradılması barədə razılığa gəliblər.

Əraqçi hesab edir ki, həmin mexanizm Livanda hərbi əməliyyatların tam dayandırılmasına və bölgədə sabitliyin təmin olunmasına kömək edəcək.

"Bu, əldə olunan razılaşmaların ilk real sınağı olacaq", – deyə İranın xarici işlər naziri vurğulayıb.

Bizimlə əlaqə saxlayın