25 
Iyn
2026
14:23
59

Parlament miqrasiya ilə bağlı yeni qanunvericilik paketini qəbul etdi

Gürcüstan Parlamenti Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış miqrasiya proseslərinin idarə olunmasına dair yeni qanunvericilik paketini qəbul edib.

InterPress.ge xəbər verir ki, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanuna nəzərdə tutulan dəyişikliklər və əlaqəli qanun layihələri üçüncü oxunuşda 81 səslə yekdilliklə qəbul olunub.

Dəyişikliklərə əsasən, ali və peşə təhsili müəssisələrinə qəbul olunan xarici tələbələr üçün əlavə tələblər müəyyən edilir. Bunlara beynəlxalq dil sertifikatının təqdim olunması və ya Milli Qiymətləndirmə və İmtahan Mərkəzi (NAEC) tərəfindən təşkil edilən xarici dil və ya dövlət dili imtahanından keçmək daxildir.

Daxili İşlər Nazirliyinin açıqlamasına görə, bu qayda xarici dilli proqramlara müvafiq dil biliklərinə malik olmayan şəxslərin qəbulunun qarşısını alacaq.

Bundan əlavə, təhsil müəssisələri xarici tələbələrin qəbul hüququ əldə etməsi, qeydiyyatı, tələbə statusunun dayandırılması, bərpası və ya ləğvi, mobilliyi, təhsilin başa çatdırılması və digər məlumatları vahid informasiya sisteminə daxil etməyə borclu olacaq. Bu sistemə aidiyyəti dövlət qurumlarının çıxışı olacaq.

Xarici tələbələrin qeydiyyat qaydalarının pozulmasına görə təhsil müəssisələri üçün inzibati məsuliyyət müəyyən edilir. Sanksiya kimi həm cərimə, həm də xarici tələbə qəbulunun məhdudlaşdırılması tətbiq oluna bilər.

Qanunvericilik paketi təhsil məqsədli yaşayış icazələri ilə bağlı qaydaları da dəyişir. Bu icazə yalnız yetkinlik yaşına çatmış və akkreditasiyadan keçmiş ali və ya peşə təhsili müəssisəsində təhsil alan şəxslərə veriləcək.

Eyni zamanda, xarici tələbənin yaşayış icazəsinin ləğv olunması üçün əsaslar müəyyənləşdirilir. Bunlara akademik tələbləri yerinə yetirməmək, əmək fəaliyyəti şərtlərini pozmaq və ya qanunla müəyyən edilmiş müddətdə faktiki olaraq Gürcüstan ərazisində olmamaq daxildir.

Dəyişikliklər Gürcüstan vətəndaşı ilə əcnəbi arasında nikah əsasında verilən yaşayış icazələrini də əhatə edir. Yeni “Gürcüstan vətəndaşının həyat yoldaşı üçün yaşayış icazəsi” növü yaradılır və bu icazə daimi yaşayış hüququ əldə edilənədək qüvvədə olacaq.

Yaşayış icazəsi verilməzdən əvvəl nikahın həqiqiliyi yoxlanılacaq və bunun üçün xüsusi komissiya yaradılacaq.

Qanuna əsasən, Gürcüstan vətəndaşlığı, yaşayış icazəsi və ya ölkədə qalmaq üçün digər hüquqi əsas əldə etmək məqsədilə bağlanan saxta nikahlar cinayət məsuliyyəti yaradacaq.

Belə hallarda əcnəbinin Gürcüstandan deportasiyası və 2 ildən 10 ilədək ölkəyə girişinə qadağa qoyulması, həmçinin cərimə, 1 ildən 2 ilədək ev dustaqlığı və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

Qanunvericilik paketi həmçinin xarici vətəndaş olan məhkumlar üçün cəzanın qalan hissəsinin deportasiya və ölkəyə giriş qadağası ilə əvəz olunmasına imkan yaradır.

Qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinə operativ-axtarış tədbirləri həyata keçirmək səlahiyyəti verilir.

Bundan başqa, məhkəmə icraatı ilə bağlı da dəyişikliklər nəzərdə tutulur. Qərarlardan şikayət vermə müddətləri azaldılır, işlərə baxılma müddəti qısaldılır və bəzi hallarda məhkəmə işlərinin şifahi dinləmə olmadan baxılması mümkün olacaq.

Daxili İşlər Nazirliyinin məlumatına görə, qanunvericilik dəyişiklikləri Ədliyyə Nazirliyi, Təhsil, Elm və Gənclər Nazirliyi və digər dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində hazırlanıb.

Bizimlə əlaqə saxlayın