FDA nikotin məhsulları ilə bağlı yeni qərar qəbul etdi
ABŞ-nin Qida və Dərman Administrasiyası (FDA) genişmiqyaslı elmi araşdırmanın nəticələrinə əsasən nikotin kisəciklərinin (pouch) 20 növünə "Modifikasiya edilmiş riskli tütün məhsulu" (MRTP) statusu verib.
InterPress.ge xəbər verir ki, sözügedən məhsullar 2025-ci ilin yanvar ayından etibarən ABŞ bazarında satışa çıxarılsa da, yeni qərar istehsalçıya marketinq materiallarında rəsmi olaraq aşağıdakı məlumatdan istifadə etməyə imkan verir:
"Siqaretin bu məhsullarla əvəz edilməsi ağız boşluğu və ağciyər xərçəngi, ürək xəstəlikləri, insult, emfizema (ağciyərlərin xroniki proqressiv xəstəliyi) və xroniki bronxit riskini azaldır."
FDA vurğulayır ki, MRTP statusu yalnız konkret məhsullara şamil edilir və nikotin kisəciklərinin bütün kateqoriyasına aid deyil.
Agentlik istehsalçı şirkətin müraciətini araşdırarkən məhsulun insan sağlamlığına təsirini, istehlakçıların onu necə qəbul etdiyini, azyaşlılarla bağlı riskləri və ictimai sağlamlığa ümumi təsirini ətraflı qiymətləndirib.
FDA-nın qənaətinə görə, bu məhsullar üzrə riskin azaldılması ilə bağlı təqdim edilən məlumatlar elmi baxımdan əsaslandırılıb və istehlakçılar tərəfindən düzgün başa düşülür. Qərar qəbul edilərkən Tütün Məhsulları üzrə Elmi Məsləhət Komitəsinin 22 yanvar 2026-cı il tarixli iclasının tövsiyələri, eləcə də ictimai rəylər də nəzərə alınıb.
Qeyd olunur ki, tütün məhsullarının bazara çıxarılması üçün standart marketinq icazəsi (PMTA) kifayət etsə də, MRTP statusunun əldə edilməsi istehsalçılar üçün xüsusi əhəmiyyət daşıyır. Bu status şirkətlərə məhsullarının zərərin azaldılması potensialını rəsmi şəkildə təqdim etməyə, siqaret çəkənlərə isə daha məlumatlı seçim etməyə imkan yaradır.
FDA-nın qərarına əsasən, istehsalçı şirkət bazarı davamlı şəkildə izləməli və istehlakçı davranışlarını mütəmadi araşdırmalıdır. Verilən lisenziya 5 il müddətinə qüvvədə olacaq və müddət başa çatmamış onun uzadılması üçün müraciət etmək mümkün olacaq.
Bununla yanaşı, agentlik istənilən mərhələdə məhsulun ictimai sağlamlıq üçün təhlükə yaratdığını müəyyən edərsə, məsələn, yeniyetmələr arasında istifadənin əhəmiyyətli dərəcədə artdığı aşkar olunarsa, verilmiş icazə ləğv ediləcək.
Xatırladaq ki, FDA bu məhsulların ABŞ bazarında satışına ilk icazəni 16 yanvar 2025-ci il tarixində verib.
Agentlik bir daha vurğulayıb ki, tamamilə təhlükəsiz tütün məhsulu mövcud deyil və tütün istifadə etməyən şəxslər bu vərdişə başlamamalıdırlar. Aktiv siqaret çəkənlər üçün isə ən yaxşı seçim nikotindən tamamilə imtina etməkdir.
FDA həmçinin bildirib ki, məhsullar bazarda olduğu müddətdə onların satışına, marketinq fəaliyyətinə, yetkin istehlakçılarla kommunikasiyasına və azyaşlıların bu məhsullara çıxışının qarşısının alınmasına davamlı nəzarət ediləcək.


