10 
Iyl
2026
11:40
204

Candar sakinləri mərasim evinin tikintisi tələbi ilə aksiya keçirdi – Mer əraziyə gələrək onlarla görüşdü

Marneuli rayonunun Candar kənd sakinləri kənddə mərasim evinin tikilməsi tələbi ilə aksiya keçiriblər. Sakinlər mərasim evinin inşa olunmasını istədikləri boş ərazidə toplaşaraq tələblərini səsləndiriblər.

InterPress.ge xəbər verir ki, aksiya zamanı əraziyə Bağçalar Birliyinin sədri Zaur Kərəmov gələrək sakinləri Marneuli meriyasına dəvət edib. Onun sözlərinə görə, Marneuli meri Daur İsmayılov sakinlərlə görüşmək üçün onları meriyaya çağırıb.

Lakin kənd sakinləri meriyaya getmək istəmədiklərini bildirərək, merin özünün əraziyə gəlməsini tələb ediblər. Sakinlər "Əgər görüşmək istəyirsə, özü bura gəlsin. Biz niyə meriyaya getməliyik?" deyərək etirazlarını ifadə ediblər.

Zaur Kərəmov isə cavabında "Niyə də getməyək? Hörmət edir, çağırır, rəhbərimizdir", – deyə bildirib.

Sakinlərin təkidindən sonra Marneuli meri Daur İsmayılov Candar kəndini təmsil edən bələdiyyə deputatı ilə birlikdə aksiyanın keçirildiyi əraziyə gəlib və sakinlərlə görüş keçirib.

Görüş zamanı Daur İsmayılov bildirib ki, sakinlərin mərasim evinin tikilməsini istədikləri ərazidə qanunvericiliyə uyğun olaraq tikinti aparılmasına icazə verilmir. Mer qeyd edib ki, kənd sakinləri alternativ ərazi təklif edərlərsə, həmin yerin müzakirə olunması və məsələyə baxılması mümkündür.

Sakinlərlə mer arasında məsələ ətrafında fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın