İrakli Kobaxidze: Anaklia limanı dövlətin birbaşa iştirakı ilə tikiləcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidze İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə, xüsusilə də iqtisadiyyat naziri Mariam Kvrivişviliyə Anaklia dərin dəniz limanı layihəsinə yanaşmanın dəyişdirilməsinə görə təşəkkür edib.
InterPress.ge xəbər verir ki, Baş nazirin sözlərinə görə, liman dövlətin birbaşa iştirakı ilə tikiləcək və bu model ölkənin milli maraqlarının maksimum qorunmasını təmin edəcək.
“İqtisadiyyat Nazirliyinə və şəxsən iqtisadiyyat nazirinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Layihənin məhz bu yanaşma ilə davam etdirilməsi çox vacib idi. Əvvəllər Anaklia dərin dəniz limanının bir konkret tərəfdaşla birlikdə inkişaf etdirilməsi planlaşdırılırdı. İndi isə yanaşma dəyişib və liman dövlətin birbaşa iştirakı ilə inşa olunacaq. Dövlət bu prosesi idarə edəcək, daha sonra isə dövlət mülkiyyətində qalacaq limanın istismarı bir neçə operatora həvalə oluna bilər. Bu, milli maraqlarımızın maksimum qorunmasını və tərəfdaşların müxtəlifliyini təmin edən ideal modeldir. Eyni zamanda, Anaklia limanına mümkün qədər çox yük cəlb olunmasına imkan verəcək ki, bu da limanın səmərəli fəaliyyəti üçün vacibdir”, – deyə İrakli Kobaxidze bildirib.
Xatırladaq ki, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili hökumətin Anaklia limanının “Landlord” modeli əsasında tikilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.
Nazirin sözlərinə görə, bu model çərçivəsində əsas dəniz və liman infrastrukturu dövlətin mülkiyyətində qalacaq, beynəlxalq şirkətlər isə yalnız terminal infrastrukturunun idarə olunmasında iştirak edəcəklər və bunun mülkiyyət hüququ ilə heç bir əlaqəsi olmayacaq.


