Makron Fransanın daxili işlər nazirinin istefa təklifini qəbul etməyib
Fransa Prezidenti Emmanuel Makron daxili işlər naziri Loran Nunezin istefa təklifini qəbul etməyib. Prezident nazirin vəzifəsində qalmalı olduğunu bildirib.
InterPress.ge xəbər verir ki, “Reuters” agentliyi Yelisey sarayına istinadən məlumat yayıb.
Yelisey sarayının açıqlamasına görə, Makron polis və təhlükəsizlik qüvvələrində əmrlərin ötürülməsinin fasiləsizliyini təmin etmək üçün Nunezin vəzifəsində qalmalı olduğunu qeyd edib. Bununla yanaşı, prezident nazirə talançılıq hallarına qarşı mübarizə aparmaq üçün mümkün qədər tez yeni yanaşmalar hazırlamağı tapşırıb.
Xatırladaq ki, şənbə günü Fransanın müxtəlif bölgələrində keçirilən nümayişlər iğtişaşlarla nəticələnib. Bir sıra şəhərlərdə aqressiv qruplar polislə qarşıdurmaya girib, bələdiyyə binası yandırılıb, mağazalar qarət edilib.
Bazar günü isə Paris və Marseldə də qarşıdurmalar baş verib. Ticarət obyektlərinin qarət edilməsi cəhdlərinin qarşısını almaq üçün polis qüvvələri müdaxilə edib.
Etirazlara əhalinin yaşayış xərclərinin artması, dövlət xidmətlərinin fəaliyyətinin pisləşməsi və məktəblərdəki vəziyyətlə bağlı narazılığı səbəb olub.


