26 
Fev
2021
10:28
263

Xocalı Soyqırımının 29-cu ildönümü ilə bağlı tətbirlər keçirilmişdir

Xocalı Soyqırımının 29-cu ildönümü ilə bağlı Heydər Əliyev Fondu və Azərbaycan Səfirliyi tərəfindən Gürcüstanda birgə tədbirlər həyata keçirilmişdir.

InterPress.ge xəbər verir ki, bu haqda Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat verib.

Məlumata görə, Xocalı Soyqırımının 29-cu ildönümünə həsr olunan “Xocalıya Ədalət” adlı xüsusi jurnal çap edilmişdir. Jurnalda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qələbə Paradında çıxışı, həmçinin Prezidentin Şuşaya səfəri və orada çıxışı geniş işıqlandırılmışdır.

Azərbaycan Respublikasının haqq səsinin və qazandığı böyük qələbənin dünya ictimaiyyətinə çatdırılması yolunda atılan addımlara dəstək məqsədi daşıyan qeyd olunan jurnalda Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı və təsisçisi Leyla Əliyevanın ön sözü yer almışdır.

Jurnalda törədilmiş soyqırım nəticəsində 613 nəfərin həlak olduğu, 1275 nəfərin əsir götürüldüyü qeyd edilir.

Vətən Müharibəsi nəticəsində işğaldan azad olunan Azərbaycan torpaqları barədə məlumat verilir. Həmçinin, dünyanın aparıcı kütləvi informasiya vasitələrində “The Sunday Times”, “Newsweek”, “The New York Times”, “Time”, “The Washington Times” bu soyqırım barədə məlumat verildiyi qeyd olunur. Jurnalda Xocalı Soyqırımı qurbanları, tarixi faktlar, müxtəlif ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər də yer almışdır.

Azərbaycan Səfirliyi tərəfindən qeyd olunan jurnalın Gürcüstanın Prezidentinə, Baş Nazirinə, Parlamentinin Sədrinə, həmçinin Prezident Administrasiyasının, Nazirlər Kabinetinin və Parlamentinin səlahiyyətli nümayəndələrinə, həmçinin Gürcüstanda akkreditə olunmuş diplomatic nümayəndəliklərə və beynəlxalq təşkilatlara ünvanlanması nəzərdə tutulur. Jurnal Tbilisi şəhərində, ingilis dilində çap olunmuşdur.

Heydər Əliyev Fondunun və Səfirliyin birgə təşkilatçılığı ilə Tbilisi şəhərində, Səfirliyin binası önündə Xocalı soyqırımına və Vətən müharibəsində əldə olunan qələbəyə həsr olunan fotoşəkillərin yer aldığı güşə, Xocalı soyqırımına aid filmin nümayiş olunduğu böyük ekran quraşdırılmışdır.

Qeyd olunan anım güşəsini 26 fevral tarixində yüzlərlə insan ziyarət edərək, Xocalı Soyqırımının qurbanlarının əziz xatirəsini yad etmiş, güşənin qarşısına gül dəstələri qoymuş və şam yandırmışdır.

Heydər Əliyev Fondunun və Səfirliyin birgə təşkilatçılığı ilə cari ilin 26 fevral tarixində Marneulidə Səfir Faiq Quliyevin iştirakı ilə əslən Xocalıdan olan ailələrin üzvləri və gənclər ilə görüş keçirilmiş və ehsan süfrəsi açılmışdır. Görüşdən əvvəl əslən Xocalıdan olan 5 ailəyə ərzaq yardımı edilmişdir.

Bundan başqa, Heydər Əliyev Fondunun və Səfirliyin birgə təşkilatçılığı ilə “Xocalıya Ədalət” kampaniyasının loqosu və Azərbaycanda Soyqırım abidəsini özündə əks etdirən 3 kiçik və 5 böyük həcmli yük avtomobili 26 fevral tarixində səhər tezdən axşama qədər Tbilisi şəhəri ərazisində hərəkət edərək, əhalinin diqqətini cəlb etmiş və böyük marağına səbəb olmuşdur.

Eyni zamanda, Gürcüstanın qabaqcıl 25 xəbər saytlarının əsas səhifələrində “Xocalıya Ədalət” kampaniyasının loqosu yerləşdirilmişdir. Qeyd olunan saytlar üzərində, həmçinin https://justiceforkhojaly.org/ saytına keçid təmin edilmişdir.

Bizimlə əlaqə saxlayın