Gürcüstana gətirilən 50 tona yaxın kartof gömrükdən geri qaytarıldı
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin "Sarp" gömrük keçid məntəqəsində ümumilikdə 49,220 kiloqram kartof yüklənmiş 2 nəqliyyat vasitəsi saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gəlirlər Xidməti yayıb.
"Fitosanitar sərhəd-karantin nəzarət prosedurlarının həyata keçirilməsi zamanı Gömrük Departamentinin Sanitariya, Fitosanitar və Baytarlıq Nəzarəti Şöbəsinin mütəxəssisləri tərəfindən monitorinq planına uyğun olaraq, kartofdan götürülmüş nümunələrdə laboratoriya tədqiqatları nəticəsində çox sayda zərərli, sağlamlıq üçün təhlükəli orqanizm aşkarlandı.
Gürcüstan Hökumətinin N463 saylı qərarına əsasən, sözügedən mallar ixracatçı ölkəyə qaytarıldı.
Bitkilər, bitki mənşəli məhsullar və digər fitosanitar parametrlərlə tənzimlənən obyektlərin yoxlanılmasını özündə birləşdirən malların sağlamlığı ciddi gömrük nəzarətindən keçir", - məlumatda qeyd olunub.


