30 
Mar
2022
19:02
1997

GÜRCÜSTANDA YAŞAYAN Azərbaycanlıların ANA DİLİ və KADR PROBLEMİ

Bir neçə il öncə bir qrup gənclər Gürcüstanın Baş Nazirənə açıq məktub ünvanlamışdılar. Cəsarətli addım idi, ancaq və lakin... Məktubda Azərbaycan məktəblərinin bağlanması, təhsilin gürcü dilində olması (yalnız azərbaycan dilinin hər gün 1 saat tədris olunması istisna olmaqla) xahiş deyil, TƏLƏB ediliridi, belə bir addımın Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyasına müsbət təsir etməsi əsaslandırılırdı. Xəyallar gerçəkləşir, statistika, faktlar öz-özünə danışır: 2008-2009-ci illərdə Gürcüstandakı Azərbaycan məktəblərinin sayı 124 idisə, 2017-2018-ci illərdə 82 azərbaycan məktəbi qalmışdır (sektor məktəblər xaric), 2026-2027-cı illərdə isə gözlənti 40 Azərbaycan məktəbidir.

Gəlin Gürcüstan dövlətinin etnik azərbaycanlılar üçün yaratdığı imkanları nəzərdən keçirək. Gürcüstanda orta təhsil 12 ildir. 12 il ərzində hər gün orta məktəbdə gürcü dili tədris edilir, dərs saatları 15-20 il bundan əvvəlki şəraitlə müqayisədə kifayət qədər artırılıbdır. Gürcüstanda 1-ci sinfə gedən bütün şagirdlərə, şəhərdə, ucqar kənddə yaşamasından asılı olmayaraq dövlət kompüter (netbook) verir. Kompüter şagirdlərə “facebook”-da qeydiyyatdan keçib, şəkillər yükləyib “like”ları saymaq üçün verilmir. Kompüterdə gürcü, ingilis, riyaziyyat, rəsm və s. fənləri daha dərindən və daha asanlıqla mənimsəmək üçün xüsusi proqramlar yüklənib.

Sovet İttifaqı dağılandan sonra ölkədə iqtisadi, sosial, siyasi böhran yaşanırdı, dərsliklər bir nəfərə çatanda digərinə çatmırdı. İndi isə dərsliklər pulsuz verilir, azərbaycan dilində tədris olunan fənlərlə (tarix, coğrafiya, riyaziyyat və s.) bağlı dərsliklərin 30 %-i gürcü dilindədir. Yəni şagird 12 il ərzində gürcü dilini dövlət dili kimi öyrənir, üstəlik azərbaycan dilində öyrəndiyi digər dərsliklərin 30 %-i gürcü dilindədir (tarix, coğrafiya, riyaziyyat və s. dərsliklər sırf azərbaycan dilində deyil, gürcü dilində qısa xülasəsi də verilib).

Qayğıkeş Təhsil nazirliyi etnik azlıqlar üçün orta məktəblərdə gürcü dilini daha da yaxşı öyrənmək üçün başqa bir yol da fikirləşib. Xüsusi treyninq keçmiş, gürcü dili müəllimləri orta məktəblərə gürcü dili tədrisini təkmilləşdirmək üçün göndərilir (həmin müəllimlər adi müəllimlərlə müqayisədə yüksək maaşla da təmin edilir).

12 il ərzində gürcü dilininin tədrisinə və dərs saatlarının artırılmasına baxmayaraq, dərsliklərin 30 %-nin gürcü dilində olmasına baxmayaraq, xüsusi treyninq keçmiş müəllimlərin səyinə baxmayaraq yenə də gürcü dilini öyrənə bilməyən və bu dəfə artıq abiturientlər üçün qayğıkeş dövlət “1+4” proqramını fikirləşib hazırladı. Yəni tələbə 1 il müddətində yalnız gürcü dilini öyrənir (haşıyə: xarici dili 6 aya öyrənməyə söz verən nə qədər kurslar tanıyırsınız, deyilmi?), sonra isə bakalavr pilləsində təhsilini digər gürcü tələbələrlə eyni masa arxasında, eyni auditoriyada davam etdirir. Sağ olsun SOCAR Gürcüstan da tək bakalavr pilləsində 4 il ərzində oxuyanların deyil, hazırlıqda oxuyanların da təhsil haqqını ödəyir, çökməkdə olan evin sütununa dirək olur. Əslində çox böyük bir köməklikdir, Gürcüstanda sosial vəziyyəti çətin olan, bununla belə övladını ali təhsilli görmək istəyən, ancaq təhsil haqqını ödəməyə imkanı olmayan ailələr və belə ailələrdə savadlı, potensial gənclər də çoxdur (haşiyə: təəssüf ki, bu imkanlardan yararlanmağa ərinən, dərslərə, imtahanlara laqeyd yanaşanlar da az deyil). 

Gəlin, indi də riyazi biliklərimizi imtahana çəkək: 12 il orta məktəb, 1 il hazırlıq, 4 il bakalavr = 17 il. İndi bu yazdıqlarımı oxuyan öz-özünə düşünəcək ki, görəsən bu Borçalı cammatı nə yeyib-içir ki, 17 il ərzində bu qədər imkanlarla bir dili öyrənə bilmir??? Hələ internetin, yeni texnologiyanın, smartphoneların yaratdığı imkanları bir kənara qoyaq (online dil öyrənmə imkanları, lüğətlərin smartphonelara yüklənməsi, TV və s.).

Bəlkə məsələnin kökünə varmaq lazımdır, problemin nədə olmasını araşdırmaq lazımdır. Dövlət etnik azlıqlar üçün bu qədər imkanlar yaradır. Elə azərbaycan məktəbləri var ki, orada gürcü dili fənnini gürcü tədris edir (təsəvvür edin ingilis dilini bu dilin doğma daşıyıcı olan ingilisdən, amerikanlıdan öyrənirsiniz). Bir dəfə sual verən olmur ki, bəs bu müəllimlər sinfə daxil olanda nə işlə məşğul olurlar, 12 ilini nəyə sərf edirlər??? Təhsil nazirliyi nə üçün tez-tez yoxlamalar, monitorinqlər aparmır??? Araşdırmalar onu göstərir ki, təəssüf ki, bəzi müəllimlər gürcü dilini tədris etmək əvəzinə 45 dəqiqəsini kofe içməyə, tum çırtlamağa və qeybət etməyə sərf edir. 

Bizim gənclər Baş Nazirə məktub yazanda bəlkə elə bunları qeyd etmək lazım idi ki, dövlətimiz etnik azlıqlar üçün bu qədər qayğı göstərir, çalışır bəlkə arada bir monitorinqlər də aparılsın. Bu məsələni TƏLƏB etməyə haqqımız olsa da, xahiş də edib məktubda yazmaq olardı.

Əlbəttə bu gün dövlətin bu səylərinin nəticəsi var, gürcü dilini gürcüdən də gözəl bilən gənclərimiz var, imtahanlarda gürcüdən də yaxşı nəticə əldə edən gənclərimiz var, gürcü dilində danışanların sayı gənclər arasında ilbəil artır (yaşlı nəslin nümayəndələrini nəzərə almıram, onları qınamağa, mühakimə etməyə haqqımız da yoxdur, çünki onlar SSRİ dövründə yaşayırdılar, hər yerdə də istifadə olunan dil RUS dili idi). Bütün bunlarla yanaşı orta məktəblərində ciddi monitorinqlər olsa, gürcü dilini tədris edən müəllimlər VİCDANla dərs keçsələr şagirdlərin orta məktəbi bitirdikdən sonra 1 il hazırlıqda oxumasına qətiyyən ehtiyac qalmaz!
Azərbaycan məktəblərinin saxlanılması, ANA dilində təhsil hava-su qədər vacibdir. Fədəkar ziyalımız Həsən bəy Zərdabi demişdir: "Bir millətin ki, dili batdı, onda o millətin özü də batar. Çünki bir millətin varlığına, isbati-vücud etməsinə səbəb onun dilidir".

Milli dəyərləri qoruyub saxlamaq lazımdır, milli dəyərlərə sahib çıxmaq lazımdır. Gənclərə yeganə tövsiyyəm budur ki, heç vaxt heç kimə Sizləri MANİPULYASİYA etməyə imkan verməyin! Həyat insana bir dəfə verilir, həyat çox qısadır, amma bu həyatı şərəflə, namusla, qeyrətlə, heç kəsin buyruqqulu olmadan, alnıaçıq yaşamağa dəyər!
Elm, bilik, savadla silahlanıb, sonra da həmin SİLAHI öz millətimizin nümayəndələrinə qarşı yönəltməyin əziz gənclər, buna görə tarix sizi heç vaxt bağışlamaz!

Azərbaycan məktəblərində kadr çatışmamazlığı

Məktəblərdə kadr çatışmamazlığı bu gün hamımızı narahat edən ən əsas məsələlərdən biridir.

Bü gün riyaziyyat, fizika, kimya, azərbaycan dili və ədəbiyyatı və s. fənləri azərbaycan dilində tədris edən kadrların əksəriyyəti yaşlı insanlardır (Allah ömür versin onlara!). Cavan kadrlar azlıq təşkil etsələr də, aralarında bəzi qeyri-peşəkarlar da var (öz işinin peşəkarı olan gənclərimizi inkar etmirik). Bəzən yaşlı kadrlara “Sovet dönəminin qalıqları” kimi baxıb onların əziyyətini ayaq altına atırlar. Ancaq unutmaq lazım deyil ki, məhz həmin “Sovetin qalıqları” adlandırdığınız müəllimlər 90-cı illərdə aylarla maaş almadıqlarına baxmayaraq (Bəli, acı reallıq budur: aldıqları bir aylıq maaşa bir çörək almaq mümkün idi) məktəbdə təhsil-tədris prosesini dayandırmamışdılar, bütün çətinliklərə baxmayaraq fədakarcasına elin-obanın çətin günlərində övladlarımızın təhsil almasına çalışmışlar, məktəbdən ayrılmamışdılar. Bu gün gənc və yaşlı kadrlar birgə, müştərək işləyib təcrübələrini bir-birilə bölüşməlidir.

Təəssüf ki, bəzi valideynlər övladlarını bilərəkdən gürcü məktəblərinə qoyurlar və düşünürlər ki, belə olan halda gələcəkdə onların iş tapması daha asan olacaq. Ancaq təcrübə onu göstərir ki, gürcü məktəbində təhsil alan azərbaycanlıların əksəriyyəti məktəbi bitirdikdən sonra nə gürcü dilində normal danışa bilirlər, nə də elm öyrənirlər (istisnalar olsa da əksəriyyətdə vəziyyət bərbaddır). Valideynlər özləri gürcü dilində bilmədikləri üçün gürcü məktəblərində təhsil alan övladlarının təhsili ilə məktəbdən sonra məşğul ola bilmirlər, kitabda yazılanları övladlarına anlada bilmirlər, müəllimlərin verdiyi tapşırıqların həllində övladlarına yardımçı ola bilmirlər. 

Gürcüstanda işsizlik səviyyəsi çox yüksəkdir, gürcülər özləri belə iş tapmaqda çətinlik çəkirlər (gürcü dili gürcülərin ana dili olmasına baxmayaraq). Valideynlər düşünmürlər ki, Azərbaycan məktəblərini bitirənlərin çox üstünlükləri var, Azərbaycan, Türk, Gürcü (17 il gürcü dilini Azərbaycan məktəbində öyrənmək üçün kifayət deyilmi??), İngilis, Rus dillərini çox da əziyyət çəkmədən bilmiş, öyrənmiş olacaqlar. Valideynlər düşünmürlər ki, bu gün Gürcüstana ən çox investisiya edən şirkətlərin əksəriyyəti Türk və Azərbaycan şirkətləridir və həmin şirkətlərdə əsas tələblərdən biri də Azərbaycan və Türk dillərində səlis, qrammatik, səhvsiz yazıb və danışmaq əsas şərtlərdən biridir. Azərbaycan məktəbini bitirənlər bir neçə dildə səlis danışmağa malik olub iş tapmaqda daha çox üstünlüklərə malik olacaq. 

Gürcüstanda əsası qoyulacaq müştərək Azərbaycan-Gürcüstan Universitetinin mövcud problemin həllində rolu

Azərbaycan məktəblərində kadr çatışmamazlığını həll etməyin yeganə yolu Gürcüstanda tez bir zamanda Azərbaycan-Gürcüstan müştərək universitetin əsasının qoyulmasına nail olmaqdır (əlbəttə ki, belə bir universitetdə Azərbaycan dilində digər fənləri mənimsəməklə yanaşı gürcü dilinin öyrənilməsi də mütləq nəzərdə tutulmalıdır,  bakalavr pilləsində təhsil aldığı dövrdə 4 il ərzində hər gün gürcü dili də keçilməlidir). Azərbaycan dövlətinin dəstəyi ilə bunu reallaşdırmaq olar. Azərbaycan məktəblərində kadr çatışmamazlığını həll etmək üçün təklif olunan variantlardan biri kimi Gürcüstanda hansısa bir dövlət universitetinin nəzdində balaca bir bölüm və ya departamentin yaradılmasıdır, ancaq bu effektiv nəticə verməyəcək və problemi köklü həll etməyəcək. Digər təklif olunan variantlardan biri tələbələrin Azərbaycanın maliyyə dəstəyi ilə Qazax və ya Bakıda təhsil alıb Gürcüstana qayıtmasıdır, hansı ki, bu da lazımı nəticəni verməyəcək. Çünki, həmin tələbələr 4-6 il Gürcüstandan uzaqda olmaqla gürcü dilində bildiklərini də unudacaqlar, geri Gürcüstana qayıtdıqdan sonra gürcü dilini bilmədikləri üçün yeni problemlərlə qarşılaşacaqlar. Gürcüstanda əsası qoyulmuş Azərbaycan pedaqoji universitetində isə tələbələr 4 il ərzində ixtisas fənləri azərbaycan dilində öyrənməklə yanaşı, gürcü dilini də öyrənəcəklər. Tələbələri Azərbaycana göndərmək əvəzinə, Azərbaycandan müəllimləri Gürcüstana dərs deməyə dəvət etmək daha məqsədəuyğun olardı. 

İlbəil Gürcüstanda Azərbaycan məktəblərinin sayı azalmaqdadır, ANA dili ölmək üzrədir, kadr çatışmamazlığı ilə əlaqədar bu problem 5-6 ilə daha kəskin şəkildə hiss olunacaq. Gələcək fəsadlardan yayınmaq üçün indidən həyacan təbilini çalmaq və hərəkətə keçmək mütləqdir.

Etnik azlıqların ana dilində təhsil almaq hüquqları Gürcüstan konstitusiyasında da öz əksini tapıb. Gürcüstan dövlətinin qəbul etdiyi “Ümumtəhsil  haqqında qanun”-a  (2005) əsasən etnik azlıqlar öz ana dilində tam ümumi təhsil almaq hüququna malikdirlər. 

Gürcüstan bütün əsas beynəlxalq hüquq instumentlərinə (alətlərinə) üzvdür, bu
instrumentlərə isə başqa insan hüquqlarının qorunması ilə birlikdə eyni zamanda etnik azlıqların hüquqlarının qorunması da daxildir. 1999-cu ildə Avropa Şurasına üzv olmaqla Gürcüstan həm də ölkədə yaşayan digər millətlərin nümayəndələrinin milli kimliyinin, ana dilinin, mədəniyyətinin, tarixinin, mədəni irsinin və s. qorunması ilə bağlı öhdəliklərin yerinə yetirilməsinə də boyun olubdur. 

Gürcüstan Avropaya inteqrasiya yolunu seçib, “Avropa ailə”sinin bir üzvü olmaq üçün Avropa standartlarına uyğun hərəkət etməlidir, Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Avropa Şurası Gürcüstanda yaşayan etnik azlıqların Gürcüstan vətəndaş cəmiyyətinə inteqrasiya etməsi üçün, təhsildə islahatların aparılmasına dəstək olmaq üçün hər il Gürcüstana küllü miqdarda “Avro”lar ayırır. Bu pullar təyinatı üzrə xərclənsəydi nəticələr də olardı. 

Gürcüstan ölkədə yaşayan müxtəlif millətlərin nümayəndələri ilə daha zəngin, rəngarəng və güclüdür. Bunu heç vaxt unutmayın! 

 

Aygül İsayeva
İqtisadiyyat üzrə fəlsəfə doktoru

Məqalə ilk dəfə 2018-ci ildə Azərbaycan dilində Yeni Yol qəzetində çap edilmişdir. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər