Tbilisidə su elektrik stansiyasının transformatorlarında yanğın baş verib
Gecə saatlarında Tbilisidə, Zahes ərazisində yanğın baş verib.
InterPress.ge xəbər verir ki, yanğın elektrik transformatorlarında başlayıb.
Hadisə yerinə 20-yə qədər yanğınsöndürmə briqadası cəlb olunub.
Yanğın nəticəsində 6 transformator yanıb.
“Yanğın söndürüldü. Heç kim xəsarət almayıb. Yanğın su elektrik stansiyasının transformatorlarında baş verib. Altı transformator yanıb. Çox güclü yanğın var idi. Hadisə yerinə 20-yə yaxın yanğınsöndürmə briqadası səfərbər edilib. Yanğın 1 saat ərzində söndürülüb. Səbəbləri müvafiq xidmətlər müəyyən edəcək. Bütün aidiyyatı qurumlar buradadır”, - Qiorqi Qerqauli bildirib.
"Yanğın Zahes su elektrik stansiyasındakı heç bir binaya, o cümlədən idarəetmə paneli və maşın otağına ziyan vurmayıb.
Gecə saatlarında Zahes Su Elektrik Stansiyasının ərazisində, yüksək gərginlikli yarımstansiyanın elektrik transformatorunda yanğın baş verib. Yanğın qısa müddətdə yaxınlıqdakı digər transformatorlara da keçib. Yanğın SES-də olan növbətçi heyət tərəfindən operativ şəkildə aşkar edilib və xilasetmə xidmətinin müvafiq yanğınsöndürmə briqadaları qısa müddət ərzində alovun lokallaşdırılmasına və söndürülməsinə başlayıb”, - Energo-Pro Georgia-nın bəyanatında deyilir.
Şirkət qeyd edib ki, hazırda yanğın tamamilə söndürülüb.
“EP Georgia Generation” və “Energo-Pro Georgia” şirkətlərinin müvafiq xidmətləri də orada operativ cavab tədbirləri həyata keçirib, təhlükəsizlik tələbləri təmin olunacaq. Hadisənin səbəbləri və dəymiş ziyanın məbləği müəyyənləşdirilir.
Yanğın SES-in yaxınlığındakı yaşayış məntəqələrinə keçməyib və yarımstansiyanın yerləşdiyi yer üzündən bu istisna edilib. Su elektrik stansiyasının işçiləri xəsarət almayıb.


