Estoniya XİN rəhbəri: “Avropa Rusiyaya maksimum təzyiq göstərməlidir”
Estoniyanın xarici işlər naziri Marqus Çaqna Avropa dövlətlərini Ukraynada davam edən müharibənin dayandırılması ilə bağlı danışıqlarda Rusiyaya qarşı bütün təsir vasitələrindən istifadə etməyə çağırıb.
InterPress.ge xəbər verir ki, Ukrayna mediasının məlumatına görə, o, bu fikirləri RND-yə verdiyi müsahibədə səsləndirib.
Nazirin sözlərinə görə, Avropa hazırda güclü mövqeyə malikdir, lakin bu mövqeyi qoruyub saxlamalıdır.
“Putin müharibənin əsas motivini hələ də saxlayır. Rusiyanın məqsədi təkcə Ukraynanın ərazilərini ələ keçirmək deyil, həm də Avropanın təhlükəsizlik arxitekturasını tamamilə dəyişdirməkdir. Biz, avropalılar, danışıqlarda Rusiyaya təzyiq göstərmək üçün çoxlu imkanlara sahibik”, – deyə Estoniyanın XİN rəhbəri bildirib.
Çaqna vurğulayıb ki, Putin Rusiyaya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasını və Avropada dondurulmuş 220 milyard avroluq aktivlərin geri qaytarılmasını istəyir.
“Bu iki məsələ bizim əlimizdədir, amerikalıların yox”, – deyə o əlavə edib.
“Trump Putinin cinayətlərini ciddi qəbul etmir”
Estoniyalı nazir həmçinin Donald Trump-ın Putin tərəfindən Ukraynada törədilən cinayətlərə lazımi dərəcədə reaksiya vermədiyini bildirib.
“Biz Trump-a imkan verməməliyik ki, tarixi yenidən yazsın və tez bir razılığa gəlmək üçün güzəştlərə getsin. Təəssüf ki, biz artıq danışıqların başladığını və tezliklə iki prezident arasında görüşün keçiriləcəyini görürük”, – deyə o qeyd edib.
Nazirin fikrincə, Avropa Rusiyaya qarşı iqtisadi və sanksiya təzyiqlərini artırmalıdır ki, Moskva danışıqlarda daha üstün mövqe qazana bilməsin.
“Əgər Rusiya və ABŞ Avropa və Ukrayna haqqında danışmaq istəyirlərsə, bu, bizim razılığımız olmadan mümkün deyil”, – deyə Estoniyanın XİN rəhbəri vurğulayıb.


