18 
Mar
2025
14:18
135

Ombudsman və aparat əməkdaşlarının sosial müdafiəsini dövlət təmin edəcək

Ombudsman və onun aparatının əməkdaşlarına “Dövlət qulluğu haqqında” qanunda nəzərdə tutulmuş sosial müdafiə təminatları, o cümlədən vəzifə borcunu yerinə yetirərkən yaralanma və ya həlak olma halları ilə bağlı sosial müdafiə mexanizmləri şamil ediləcək.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu” fraksiyasının deputatlarının parlamentə təqdim  etdiyi qanun layihəsində bildirilib.

Bundan əlavə, ombudsman və aparatın əməkdaşları məcburi dövlət sığortasına cəlb olunacaqlar.

Təşəbbüsçülərin məlumatına görə, qanunun qüvvəyə minməsi ilə 130 nəfər bu sığortadan yararlanacaq. Bir nəfərin illik sığorta haqqı təxminən 1900-2300 lari (aylıq 160-190 lari) arasında olacaq.

Qanun layihəsinin izahat vərəqində qeyd edilir ki, ombudsman aparatının əməkdaşları insan hüquq və azadlıqlarının müdafiəsi standartlarının yüksəldilməsi, pozuntu hallarının aşkar edilməsi və hüquqların bərpasının təşviqi baxımından mühüm rol oynayırlar. Bu missiyanın icrası zamanı onların müxtəlif hüquqi və sosial mübahisələrlə təmasda olması, həssas qrupların nümayəndələri ilə birbaşa ünsiyyətdə olmaları, emosional cəhətdən ağır mövzularda işləmələri və təhlükəli hesab edilən müəssisələrə səfər etmələri onların həm psixoloji, həm də fiziki risklərini artırır.

Dövlət insan hüquqlarının qorunması sahəsində çalışan şəxslərin özlərinin əmək, sosial və sağlamlıq problemləri ilə üzləşməməsini təmin etməyə borcludur.

Məhz bu məqsədlə təqdim olunan qanun layihəsi ombudsman aparatının əməkdaşlarının təhlükəsizliyi və sağlamlığının qorunması üçün əlavə müdafiə mexanizmləri yaradır. Bu mexanizmlərə vəzifə borcunu yerinə yetirərkən yaralanma və ya həlak olma halları ilə bağlı sosial müdafiə təminatları və məcburi dövlət sığortası daxildir.

Gürcüstan Ombudsman Aparatının əməkdaşları üçün sosial təminat mexanizmlərinin, o cümlədən məcburi dövlət sığortasının tətbiqi onların motivasiyasını və işə bağlılığını artıracaq. Bu isə onların fəaliyyətinin keyfiyyətinə və nəticələrinə birbaşa təsir edəcək. Əməkdaşların yüksək sosial müdafiə təminatına malik olmaları, rifahlarının qorunması və tibbi xidmətlərə çıxış imkanlarının artırılması onların işlə bağlı stressini azaldacaq, vəzifələrini daha effektiv yerinə yetirmələrinə imkan yaradacaq və Ombudsman Aparatının ümumi səmərəliliyini artıracaq.

Bizimlə əlaqə saxlayın