26 
Avq
2025
11:01
449

Gürcüstanda qarayara xəstəliyindən tələf olmuş heyvanın sahibi kompensasiya aldı

Qida Təhlükəsizliyi Milli Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə həyata keçirilən Heyvanların identifikasiya, qeydiyyat və izlənilmə sistemi (NAITS) layihəsi çərçivəsində, qarayara xəstəliyindən tələf olmuş heyvanın sahibinə kompensasiya ödəyib. 

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Qida Təhlükəsizliyi Milli Agentliyi yayıb.

Məlumata görə, qərar Gürcüstan hökumətinin №332 qərarnaməsinə uyğun olaraq qəbul edilib. Sözügedən qərarnamə 2024-cü il yanvarın 1-dən qüvvəyə minib və heyvanların qarayara nəticəsində tələf olması halında dövlət tərəfindən kompensasiya ödənilməsini nəzərdə tutur.

Qida Təhlükəsizliyi Milli Agentliyinin açıqlamasına əsasən, bu ilin iyununda Kobuletinin Otxamuri qəsəbəsində iribuynuzlu heyvanın tələf olması faktı qeydə alınıb. Hadisədən sonra agentliyin Acaradakı regional idarəsinin baytarları nümunələr götürərək akkreditə olunmuş laboratoriyaya göndəriblər və aparılan testlər nəticəsində qarayara diaqnozu təsdiqlənib. Heyvan sahibinin təqdim etdiyi sənədlər araşdırıldıqdan sonra kompensasiya ödənilməsi barədə qərar qəbul olunub və məbləğ artıq ödənilib.

Hökumətin №332 qərarnaməsinə əsasən, fermerlər yalnız aşağıdakı hallarda kompensasiya ala bilərlər:

• Heyvan qulaq nişanı ilə identifikasiya olunubsa;

• Heyvan və fermer haqqında məlumat elektron qeydiyyat sistemində əksini tapıbsa və sahibləri peyvənddən imtina etməyiblərsə;

• Heyvan sahibi və ya baxıcısı infeksiya və ya ölüm halı baş verdikdə dərhal Qida Təhlükəsizliyi Agentliyinə məlumat verirsə;

• Qarayara halı laboratoriya tərəfindən rəsmi təsdiqlənibsə.

Agentlik xatırladıb ki, qarayara (sibir xorası) həm ev, həm də vəhşi heyvanlarda rast gəlinən təhlükəli infeksion xəstəlikdir. Bu xəstəliyə insanlar da yoluxa bilər. İnsanların yoluxması əsasən xəstə heyvanların kəsilməsi, ətindən istifadə və ya çirklənmiş torpaqla təmas nəticəsində baş verir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər