01 
Sen
2025
14:22
285

Eka Laliaşvili: “6 ayda 2 860 yol qəzası olub, 216 nəfər ölüb – ölüm göstəricisi 20% artıb, bu, çox təhlükəlidir”

Bu ilin ilk 6 ayında Gürcüstanda 2 860 yol qəzası qeydə alınıb. Qəzalar nəticəsində 3 860 nəfər yaralanıb, 216 nəfər isə həyatını itirib. Ötən ilin eyni dövrü ilə müqayisədə göstəricilər xeyli artıb. Ən təhlükəlisi isə odur ki, ölüm halları 20% yüksəlib.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcüstanın Təhlükəsiz Yollar Alyansı”nın sədri Eka Laliaşvili “Kviris” mətbuat klubunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, artıq gözləməyə vaxt yoxdur və dövlətlə yanaşı, cəmiyyət də bu məsələdə daha aktiv olmalıdır:

“Praktiki olaraq, bizim gözümüzün önündə insanlar ölür və biz bilirik ki, bu faciələrin qarşısını almaq olar”.

Laliaşvili Finlandiyanın təcrübəsini nümunə kimi göstərib:

“Ötən il Finlandiyada yol qəzalarında bir nəfər belə ölməyib. Bu, təsadüfi deyil, təhlükəsizlik sistemi modelinin düzgün işləməsinin nəticəsidir. İnfrastruktur, insanların maariflənməsi, qanunların icrası və qəza sonrası tibbi yardım – hamısı birgə işləyir. Gürcüstanda da hər il ölüm və ağır xəsarətlərin sayını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür”.

O xatırladıb ki, Gürcüstan 2025-ci ilə qədər yol qəzalarında ölüm və ağır xəsarətləri 2020-ci illə müqayisədə 25% azaltmağı öhdəsinə götürüb. BMT-nin “Fəaliyyət onilliyi” proqramı çərçivəsində isə 10 il ərzində bu rəqəmin 50% azaldılması nəzərdə tutulub.

Laliaşvilinin sözlərinə görə, hazırda aparılan statistika əsasən sürət həddi aşma, səhv manevr, əks zolağa çıxma kimi sürücü səhvlərinə əsaslanır. Lakin o hesab edir ki, infrastruktur qüsurları və nəqliyyat vasitələrinin nasazlığı ilə bağlı da ayrıca statistika olmalıdır:

“Əgər biz yalnız sürücü səhvlərini sayırıqsa, böyük mənzərəni görmürük. Yolun vəziyyəti, avtomobilin texniki nasazlığı da qəzalara səbəb ola bilər. Dövlət bu məlumatları nəzərə almalı və islahatları real səbəblərin aradan qaldırılmasına yönəltməlidir. Əks halda, nə cərimələrin artırılması, nə də qanun dəyişikliyi nəticə verməyəcək”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər