14 
Okt
2025
19:09
324

Gürcüstanda bəzi şəxslərə siyasi fəaliyyət və seçkilərdə iştirak qadağan ediləcək – parlament qanun layihəsini təcili qaydada müzakirə edir

Gürcüstan parlamenti 15 oktyabrda təcili qaydada birinci oxunuşda qanun layihəsini müzakirə edəcək. 

InterPress.ge xəbər verir ki, layihəyə əsasən, bəzi şəxslərə siyasi fəaliyyətlə məşğul olmaq, partiya üzvü olmaq, seçkilərdə iştirak və yüksək dövlət vəzifə tutmaq qadağan ediləcək.

Hakim “Gürcü Arzusu” partiyasının təşəbbüsü ilə hazırlanan dəyişikliklər aşağıdakı qanunlara əlavə olunur:

• “Gürcüstan Konstitusiya Məhkəməsi haqqında” orqanik qanun;

• “Vətəndaşların siyasi birləşmələri haqqında” orqanik qanun;

• “Seçki Məcəlləsi”;

• “Cinayət Məcəlləsi”.

Qanun layihəsi sabah parlamentin Hüquq Məsələləri Komitəsində müzakirə olunacaq.

Yeni qanunlara əsasən, Konstitusiyanın tələblərini pozmuş siyasi partiyalarla əlaqəli şəxslər siyasi fəaliyyətdən tam uzaqlaşdırılacaqlar. Belə şəxslərə passiv seçki hüququ qadağan ediləcək – yəni onlar nə parlament, nə də yerli özünüidarəetmə seçkilərində namizəd ola bilməyəcəklər.

Bundan əlavə, bu şəxslərin:

• istənilən siyasi partiyanın üzvü olması;

• yeni partiya yaratması;

• yüksək dövlət vəzifəsi tutması;

• Konstitusiya ilə nəzərdə tutulan dövlət orqanlarının rəhbəri vəzifəsinə seçilməsi qadağan ediləcək.

Mövcud partiyalara da yeni öhdəliklər qoyulur. Onlar siyasi fəaliyyətdən uzaqlaşdırılmış şəxsləri üzvlüyə qəbul etməməli və seçki siyahılarına daxil etməməlidirlər. Əks halda, həmin partiyanın qeydiyyatı ləğv edilə bilər.

Bundan başqa, əgər hər hansı partiya üzv olmaq hüququ olmayan şəxsi öz sıralarına qəbul edərsə, bu hal cinayət məsuliyyəti doğuracaq və partiya cərimə olunacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər