16 
Okt
2025
17:29
204

Etiraz qaydalarının pozulmasına görə azyaşlılar da cinayət məsuliyyətinə cəlb oluna bilər

Gürcüstanda etiraz və mitinqlərlə bağlı yeni qanun layihəsinə əsasən, qanunsuz aksiyalarda iştirak edən azyaşlılar da cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Yeni redaksiyada nəzərdə tutulub ki, bu cür hallarda azyaşlı şəxslərə qarşı cəza kimi 1 ilə qədər müddətə islah işləri və ya azadlıqdan məhrumetmə tətbiq oluna bilər.

Hakim “Gürcü Arzusu” partiyasının qanun layihəsi ikinci oxunuş üçün yenidən işlənib. Layihənin müəlliflərindən biri, deputat Arçil Gorduladze parlamentin Hüquq məsələləri komitəsinin iclasında bildirib ki, bu dəyişiklik azyaşlıların qanunsuz aksiyalara cəlb edilməsinin qarşısını almaq məqsədi daşıyır.

Parlament dəyişiklikləri sürətləndirilmiş qaydada müzakirə edir. Yeni qaydalara əsasən, etiraz iştirakçısının üzünü maska ilə gizlətməsi, gözyaşardıcı və ya zəhərli maddə saxlaması, yolun bağlanması və ya müvəqqəti konstruksiyanın qurulması kimi hərəkətlər ilk dəfə törədildikdə 15 sutkayadək inzibati həbs, təşkilatçı tərəfindən törədildikdə isə 20 sutkayadək həbs cəzasına səbəb olacaq.

Əgər şəxs Daxili İşlər Nazirliyinin qərarı ilə dayandırılması tələb olunan etiraz aksiyasında iştirak edərsə, bu, 60 sutkayadək inzibati həbs ilə nəticələnəcək. Eyni cəza silah, pirotexnika və ya təhlükəli əşyalar saxlayan şəxslərə də şamil olunacaq.

Layihəyə görə, bu qadağan olunmuş hərəkətlərin təkrar edilməsi artıq 1 ilədək azadlıqdan məhrumetmə ilə nəticələnəcək, üçüncü və sonrakı hallarda isə 2 ilədək həbs cəzası tətbiq olunacaq.

Bundan əlavə, Cinayət Məcəlləsinə yeni maddə əlavə olunur: hüquq-mühafizə orqanı əməkdaşını üçüncü dəfə təhqir edən və ya onun qanuni əmrinə tabe olmayan şəxsə qarşı 1 ilədək azadlıqdan məhrumetmə, təkrar halında isə 2 ilədək həbs nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər