İrakli Kobaxidze: “İçəridə aksiya, xaricdə sanksiya” yanaşması dövlətə xəyanətdir
“Görək istintaq orqanları buna hansı hüquqi qiyməti verəcəklər, amma bu, məhz öz dövlətinə xəyanətdir – ölkə daxilində aksiya, xaricdə isə sanksiya tələb etmək. Yəni ölkə daxilində 150 nəfər toplamalısan ki, xaricdə ölkəyə qarşı düşmənçilik fəaliyyəti üçün fon yaradasan. Bu, onların cinayətkar, antidövlət və xəyanətkar fəaliyyətinin çox sadə məntiqidir.”
InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu” Partiyasının sədri, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, “Müxalifət Alyansı”nın liderlərindən Nika Qvaramiyanın “bizim yanaşmamız – içəridə aksiya, xaricdə sanksiyadır” bəyanatını şərh edərkən deyib.
Baş nazir bildirib ki, cəmiyyət bu yanaşmaya 2024–2025-ci illərdə keçirilən seçkilərdə artıq öz münasibətini göstərib, lakin bunun kifayət etmədiyini düşünür.
“Bilirsiniz ki, məhz bu yanaşma ilə bağlı hüquqi proses başlanıb. Bu, xəyanətkar və geniş mənada cinayət xarakterli yanaşmadır. Əlbəttə, buna lazımi cavab verilməlidir. Cəmiyyət 2024–2025-ci illərdə keçirilən seçkilərdə bu yanaşmaya müvafiq cavab verdi, lakin bu kifayət deyil. Biz Konstitusiya Məhkəməsinə də iddia ərizəsi təqdim etmişik və məhz “ölkə daxilində aksiya, xaricdə sanksiya” yanaşması həmin iddianın əsasını təşkil edir. Bu, öz xalqına, öz dövlətinə və öz ölkəsinə qarşı açıq düşmən münasibətidir və buna müvafiq hüquqi cavab verilməlidir. Bir daha qeyd edirəm ki, cəmiyyət bu yanaşmanı hər seçkidə rədd edir, lakin bunun hüquqi müstəvidə də cavabı olmalıdır”, – deyə İrakli Kobaxidze bildirib.


