Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsindən istefa verdi
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Gela Geladze tutduğu vəzifədən istefa verib.
InterPress.ge xəbər verir ki, Gela Geladze bu barədə sosial şəbəkə hesabında özü məlumat verib.
Geladzenin sözlərinə görə, o, siyasi komanda ilə məsləhətləşmələrdən sonra fəaliyyətini başqa bir dövlət qurumunda davam etdirəcək.
“Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsini tərk etmək qərarına gəldim. Siyasi komanda ilə aparılan məsləhətləşmələr nəticəsində fəaliyyətimi başqa bir qurumda davam etdirəcəyəm və orada da ölkəmizin və cəmiyyətimizin maraqlarına bütün məsuliyyətimlə xidmət göstərəcəyəm.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsində çalışmaq mənim üçün böyük məsuliyyət və ölkəmə xidmət etmək imkanı idi. Bu müddət ərzində xidmətin hər bir əməkdaşı ilə birlikdə fəaliyyətimiz dövlət qarşısında duran çağırışların səmərəli şəkildə aradan qaldırılmasına, Gürcüstanın təhlükəsizliyinin möhkəmləndirilməsinə və milli maraqların qorunmasına yönəlmişdi.
Dövlət Təhlükəsizliyi Xidmətinin hər bir əməkdaşına peşəkarlığına, fədakarlığına və hər gün ölkəmizin təhlükəsizliyi naminə həyata keçirdikləri mühüm fəaliyyətə görə xüsusi təşəkkürümü bildirirəm.
Siyasi komandaya, xüsusilə partiyanın fəxri sədri Bidzina İvanişviliyə və Baş nazir İrakli Kobaxidzeyə mənə göstərdikləri etimada görə təşəkkür edirəm.
Əminəm ki, Dövlət Təhlükəsizliyi Xidməti gələcəkdə də üzərinə düşən mühüm vəzifələri layiqincə yerinə yetirəcək və ölkənin təhlükəsizliyini qoruyacaq”, - deyə Gela Geladze sosial şəbəkədə yazıb.


