21 
May
2025
14:02
243

Sabahdan birinci sinif şagirdlərinin qeydiyyatı başlayır

Birinci siniflərə ümumi qeydiyyat 22 may saat 09:00-dan etibarən başlayacaq və 17 iyun da daxil olmaqla davam edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qeydiyyat Təhsil İdarəetmə İnformasiya Sisteminin rəsmi veb saytında aparılacaq -registration.emis.ge.

"Uşağın sistemdə qeydiyyatını valideyn və ya qanuni nümayəndə həyata keçirəcək. Elektron qeydiyyatdan keçmiş şagirdin məktəbə qəbul olunması üçün tələb olunan sənədlər 18-27 iyun tarixlərində təqdim edilməlidir. Müvafiq sənədlər göstərilən müddətdə təqdim olunmazsa, qeydiyyat avtomatik olaraq ləğv ediləcək.

Birinci sinfə qəbul üçün tələb olunan sənədlər bunlardır:

Valideynin və ya qanuni nümayəndənin ərizəsi (ərizədə nümayəndənin yaşayış yeri və telefon nömrəsi göstərilməlidir və ərizə Gürcüstanın Ümumi Administrativ Məcəlləsinin 78-ci maddəsinin tələblərinə uyğun olmalıdır);

Valideynin şəxsiyyət vəsiqəsinin surəti;

Gürcüstanda yaşamaq hüququnu təsdiq edən sənədin surəti (əgər varsa);

Şagirdin doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyətini təsdiq edən sənədin surəti, yaxud Gürcüstanda yaşamaq hüququnu təsdiq edən sənədin surəti (əgər varsa). Xarici dildə təqdim olunan sənədlərə qanunvericiliyə uyğun olaraq gürcü dilində tərcümə əlavə olunmalıdır.

Mövcud boş yerləri yoxlamaq üçün bu linkə daxil ola bilərsiniz:

https://skolebi.emis.ge

Qeydiyyat qaydaları ilə bağlı video təlimatla isə bu linkdən tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=1bCSvZsGPTs

"Ümumi Təhsil haqqında” Gürcüstan qanununa edilmiş dəyişikliyə görə, 2025-2026-cı tədris ilində birinci sinfə qeydiyyatdan keçə biləcək uşaqların doğum tarixi 31 dekabr da daxil olmaqla 6 yaşa çatmalıdır.

Bundan əlavə, 2025-ci ilin 16 sentyabrından 31 dekabradək 6 yaşı tamam olan uşaqların valideynlərinə iki seçim təklif olunur: ya məktəbəqədər hazırlıq proqramında iştirak etməklə təhsillərini davam etdirmək, ya da birinci sinfə qeydiyyatdan keçmək.

Elm və Təhsil Nazirliyi valideynlərə qeydiyyat müddətinə və şərtlərinə diqqətlə yanaşmağı tövsiyə edir ki, uşaqların məktəbə vaxtında və problemsiz qəbul olunması təmin edilsin."-məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın