I rübdə Gürcüstanda 1 360 yol-nəqliyyat hadisəsi baş verib
2024-cü ilin ilk rübündə Gürcüstanda 1 360 yol-nəqliyyat hadisəsi baş verib – 112 nəfər ölüb, onlardan 50-si piyadadır
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhlükəsiz Yollar Alyansı”nın rəhbəri Eka Laliaşvili məlumat verib.
Onun sözlərinə görə, 2024-cü ilin ilk rübündə həm yol qəzalarının, həm də ölən və xəsarət alanların sayı 18-20% artıb.
2023-cü ilin ilk rübündə 1 136 yol qəzası qeydə alınıb, nəticədə 93 nəfər ölüb və 1 495 nəfər xəsarət alıb. Bu ilin eyni dövründə isə 1 360 yol-nəqliyyat hadisəsi baş verib, 112 nəfər həlak olub (onlardan 50-si piyadadır), 1 763 nəfər isə yaralanıb.
Laliaşvili bildirib ki, bu statistika son illərin ümumi dinamikasına uyğun gəlir və gözlənilməz deyil, lakin rəqəmlər göstərir ki, vəziyyətin yaxşılaşdırılması üçün təcili tədbirlər görülməlidir.
O qeyd edib ki, bu, kompleks bir problemdir və yalnız bir və ya iki amildən asılı deyil. “Cəmiyyətin də öz məsuliyyəti var, lakin əsas tənzimləyici və ən çox səlahiyyətə sahib olan qurum hökumətdir və əsas məsuliyyət də onun üzərinə düşür”, – deyə Eka Laliaşvili vurğulayıb.


